“Ermənistanla Belarus arasındakı siyasi gərginliyin mahiyyətini baş nazir Nikol Paşinyan özü açıb. O, parlamentdə çıxışı zamanı öz niyyətini büruzə verib və nəticə etibarilə, KTMT-dən çıxacağını bəyan edib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi təhlilçi Ermənistanla Belarus arasında davam edən siyasi gərginlikdən söz açıb.
N. Mirinin fikrincə, KTMT-dən çıxmaq üçün əsaslar və zəmin olmalıdır:
“Ona görə də bu cür açıqlama və Belarusun ittiham edilməsi Ermənistan üçün növbəti bəhanədir. Məhz bunun üçün də Paşinyan bu məsələni qabardıb, hətta müəyyən bir şərtə də bağlayıb ki, Belarus dövləti Ermənistandan üzr istəyərsə, yalnız bundan sonra münasibətlərin tənzimlənməsinə və KTMT məsələsinə baxıla bilər”.
Onun sözlərinə görə, bunların hamısı bəhanədir və KTMT-dən çıxmaqla bağlı Ermənistana konkret göstərişlər mövcuddur ki, İrəvan hazırda bu göstərişləri icra etməyə başlayıb:
“Yəni Belarusun Ermənistandan üzr istəməyəcəyi üçün belə fikir ortaya atılıb. Sizcə, Aleksandr Lukaşenko “cırtdan” Ermənistandan üzr istəyərmi? O, bunun nəticəsini bildiyi üçün bu cür fikri ortaya atıb. Yəni bu, cavabı əvvəlcədən bəlli olan bir sualdır. Ayrıca, KTMT-dən çıxmaqla bağlı fikrin ortaya atılması heç də təsadüfi deyil. Çünki konkret şəkildə rəsmi olmasa da, bu cür şifahi şəkildə çıxmaq üçün 6 ay öncədən müraciətə ehtiyac var ki, 6 aya qədər təşkilatdan çıxmaqla bağlı məsələlər prosedur qaydaları ilə həll olunsun. Düşünürəm ki, bu prosedura uyğun bir davranışdır və zamanı çatanda Paşinyanın dediyi kimi, Ermənistan KTMT-dən çıxacaq”.
“O ki qaldı “Politico” nəşrinin Belarusun Azərbaycana silah satması ilə bağlı informasiyasına, burada gizli və ifşa ediləcək bir şey yoxdur. Ermənistanın, Rusiyanın və bütün postsovet məkanının – hər kəsin bildiyi alqı-satqı prosesi burada mövcuddur. Hansı raketlərin hansı miqdarda alınması hər kəsə məlumdur. Maraqlıdır ki, vaxtında bu cür etirazları etməyən Ermənistan məğlub olub, Azərbaycanla sülh müqaviləsinə imza atmağa hazır olduğu bir məqamda bu məsələni ifşa edir. Yəni silah-sursat alqı-satqısı normal bir prosesdir. Ayrıca, Azərbaycan KTMT üzvü olan bütün ölkələrlə ikitərəfli müstəvidə münasibətlər sistemi qurub. Bunun üçün Azərbaycana KTMT üzvü olmağa da ehtiyac yoxdur. Bu münasibətlər sistemi o qədər səmimi və qarşılıqlıdır ki, nəticədə Ermənistanın KTMT ilə əlaqələrində problem yaradıb” – deyə o, əlavə edib.
Rafi Müslümov
www.yenicag.az