ABŞ-Rusiya qarşıdurması qitələrə YAYILIR: Moskva Afrikada da dayaqlarını İTİRDİ
“Rusiya balanssız vəziyyətdə həm Afrikada, həm də digər regionlarda mövqelərini itirməyə davam edəcək, ABŞ isə qlobal lider kimi öz strategiyasını daha uğurla həyata keçirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, Suriyadan sonra Afrikada da dayaq nöqtələri qırılan Rusiyanın perspektivdə qarşılaşacağı proseslərdən danışıb.
Politoloq bildirib ki, ABŞ-nin son illərdə atdığı addımlar Vaşinqtonun əsas hədəfinin Rusiyanın təsir dairəsini daraltmaqdan ibarət olduğunu göstərir:
“Suriyadan sonra Afrikada da Moskvanın mövqelərinin zəiflədilməsi bu strategiyanın bir hissəsidir. Rusiya uzun müddət Afrikada “Vaqner” qrupu və digər hərbi-siyasi vasitələrlə mövqeyini gücləndirməyə çalışsa da, indi Qərbin koordinasiyalı siyasəti qarşısında geri çəkilməyə məcbur qalır. Həqiqətən də Moskva qarşılaşacağı nəticəni əvvəldən hesablaya bilməmişdi. Çünki Kreml düşünürdü ki, Ukrayna müharibəsi fonunda Qərb bütün diqqətini Avropaya yönəldəcək. Halbuki ABŞ, eyni zamanda həm Avropada, həm Yaxın Şərqdə, həm də Afrikada aktivlik göstərməklə Rusiyanı çoxcəhətli mühasirəyə alır. Proseslər Kreml üçün gözlənilməz geosiyasi təzyiqdir”.
Onun fikrincə, gedişat göstərir ki, ABŞ yalnız hərbi deyil, diplomatik və iqtisadi mexanizmlərlə də Rusiyanı sıxışdırır:
“Afrikada Fransa və digər Avropa dövlətləri ilə koordinasiyalı fəaliyyət Vaşinqtonun uğurunu daha da artırır. Rusiya isə resurs çatışmazlığı səbəbindən eyni vaxtda bir neçə regionda təsirini saxlamaqda çətinlik çəkir. Bundan sonra proseslər Rusiyanın təsir sahələrinin daha da daralması istiqamətində gedəcək. Moskva yeni müttəfiqlər tapmaqda çətinlik çəkəcək, çünki onun üzərindəki siyasi və iqtisadi yük artıq kifayət qədər ağırdır. ABŞ isə qarşı tərəfin zəifliklərini ustalıqla istifadə edərək öz mövqeyini möhkəmləndirəcək. Bir sözlə, Rusiya balanssız vəziyyətdə həm Afrikada, həm də digər regionlarda mövqelərini itirməyə davam edəcək, ABŞ isə qlobal lider kimi öz strategiyasını daha uğurla həyata keçirəcək”.
Nəsimi Ələsgərli