Bal səsli MƏŞHUR: Səxavət Məmmədovun ANIM GÜNÜDÜR
Səsin də rəngi, səsin də taleyi, səsin də yaddaşı var. Elə səslər var ki, onun əlvanlığının içərisində itib-batırsan. Onu dinlədikcə, özünü belə unudub, yer üzündən göy üzünə, sonsuzluğa doğru pərvazlanırsan. Hər adama nəsib olmur belə səs.
Səsi ilə qədərini, qismətini müəyyənləşdirən belə misilsiz səs sahiblərindən biri də ölməz sənətkar Səxavət Məmmədovdur. Onun barəsində danışarkən keçmiş zaman şəkilçisindən istifadə etmədim, bəli. Çünki cismən dünyasını dəyişsə də, səsi musiqi tarixində əbədi qaldı. Qarabağın bulaqlarının şəffaflığı, saflığı vardı onun səsində.
“Bal səsli Səxavət” deyirdilər ona. Azərbaycanın nadir səsli müğənnilərindən olan məşhur Səxavət Məmmədovdan söhbət gedir. Bu gün onun anım günüdür. Cisminin son mənzilə, səsinin isə əbədiyyətə köç etdiyi Səxavət şaqraq zəngulələri, səsinin qeyri-adi gözəlliyi, əsrarəngizliyi ilə könüllərdə taxt qurmağı bacardı.
Səsinin sehri ilə bu gün də yaddaşlarda yaşayır, sevilir, seçilir. Səsi milyon səsin içərisində seçilən, fərqlənən Səxavət Məmmədov bu gün də musiqisevərlərin zövqünə xidmət edir.
Cəvahir