“Erməni cəmiyyətində Qərbyönümlülərin faiz nisbəti Rusiyapərəstlərlə müqayisədə xeyli aşağıdır”.
Bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanda müttəfiqi Rusiyanın Ukraynaya hərbi təcavüzünə münasibətini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda Rusiyaya rəğbət əvvəllər olduğu kimi, indi də yüksək səviyyədədir:
“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyaya münasibət aşağı-yuxarı birmənalı olub. Yəni ermənilər Rusiyanı özlərinin dayağı, hamizi olaraq görməkdə davam edirlər.
Bu münasibət Rusiyanın Ukraynaya hərbi təcavüzünə yanaşmada da özünü göstərir. Bu gün erməni kommunistləri və sovet xiffəti ilə yaşayanlar İrəvanda Rusiyaya dəstək aksiyası keçiriblər.
Bu, tək Rusiyaya rəğbətdən irəli gəlmir. Qeyd etmək lazımdır ki, Ermənistan Ukraynanı Azərbaycanın ən yaxın müttəfiqlərindən biri sayır və ona görə də bu ölkəyə münasibəti mənfidir.
Doğrudur, Ermənistanda bu təcavüzə görə Rusiyanı qınayan Qərbyönümlü insanlar da var. Lakin erməni cəmiyyətində Qərbyönümlülərin faiz nisbəti Rusiyapərəstlərlə müqayisədə xeyli aşağıdır. Dediyim kimi, ermənilər Rusiyanı özlərinin xalq və dövlət olaraq mövcudluğunun əsas təminatı hesab edirlər”.
A.Zeynalov
www.yenicag.az