Millət vəkili: "Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır"
“2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan–Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri başa çatdı.
Səfərin təfərrüatı barədə danışan Pərvanə Vəliyeva bunları deyib:
“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər müsbət və strateji istiqamətdə inkişaf edir. Hər iki lider Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını təsdiqləyib. Onlar siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Bu əməkdaşlıq əsasən təhlükəsizlik, energetika, nəqliyyat və regional bağlantı kimi mühüm sahələri əhatə edir. Aİ vitse-prezidenti xanım Kaya Kallas bu ilin may ayında ölkəmizə səfəri zamanı rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın da vacibliyini ifadə etmişdi.
İqtisadi və ticarət əməkdaşlığının güclənməsi təkcə Azərbaycan və Avropa İttifaqı üçün deyil, həm də Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya daxil olmaqla daha geniş regionda rifah və inkişafın təşviqinə xidmət edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşir və əlverişli coğrafi mövqedə olmaqla yanaşı, ticarət üçün səmərəli və lazımi bağlantı infrastrukturunu da qurub. Bu cür şərait Avropa üçün də cəlbedicidir və Aİ Azərbaycanın yaratdığı imkanlardan yararlanmaqla, ticarəti genişləndirməyi məqsədəuyğun hesab edir.”
Deputat qeyd edib ki, 2026-cı ilin sonlarına qədər Aİ və Azərbaycan münasibətlərində müsbət dəyişikliklər gözlənilir:
“Avropa İttifaqı Cənubi Qafqazda regional bağlantı layihələrinə marağını daha da artırmışdır. Aİ Azərbaycan, Mərkəzi Asiya və Türkiyə ilə regionlararası bağlantının inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan, xüsusilə Qara dənizi, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz vasitəsilə regional nəqliyyat marşrutlarında mühüm rol oynayır. 2026-cı ilin yanvarında əldə olunmuş razılığa əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərliyi ilə Naxçıvan dəmir yolu layihəsinin texniki və maliyyə aspektlərini qiymətləndirəcək texniki-iqtisadi əsaslandırma hazırlanır.
Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. 10 Aİ üzvü olan ölkəyə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur və bir neçə layihə üzərində hazırda çalışılır ki, Türkiyə və Gürcüstan tranziti vasitəsilə elektrik enerjisi Avropa bazarlarına çatdırıla biləcək.
Bu baxımdan, 2025-2026-cı illər Azərbaycanla Aİ arasında dialoqun intensivləşdiyini deyə bilərik. Xüsusilə, Prezident İlham Əliyev Tiranada və Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi (EPC) sammitlərində iştirak etmiş, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmişdir. Azərbaycanın 2028-ci ildə 12-ci Avropa Siyasi Birliyi Sammitinə ev sahibliyi edəcək ölkə seçilməsi onun regionda artan rolunun göstəricisidir.
2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana ilk rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan vermiş və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişdir. Aİ rəsmilərinin yüksək səviyyəli səfərləri strateji prioritetlərin yenilənməsi, yeni hərtərəfli saziş üzrə danışıqların bərpası və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət etmişdir.
Avropa İttifaqı yeni Tərəfdaşlıq Prioritetlərinin qəbuluna, yeni saziş üzrə danışıqların davam etdirilməsinə, enerji və nəqliyyat sahələrində dialoqun dərinləşdirilməsinə, eləcə də insanlar arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu bəyan etmişdir. Bununla yanaşı, minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayrılmışdır.”
Deputat qeyd edib ki, 2026-cı ilin sonlarında Azərbaycan–Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub:
“Yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar əhəmiyyətli irəliləyiş əldə etmiş, onların 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan–Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir.
Bütün bunlarla yanaşı, Aİ strukturları arasında xarici siyasətdə vahid mövqenin olmaması təəssüf doğurur. Avropa Parlamenti cəmi 5 il ərzində Azərbaycan əleyhinə ədalətsiz və qərəzli 14 qətnamə qəbul edib. Bu isə ikili yanaşmaların və siyasi riyakarlığın bariz nümunəsi idi. Dövlət Başçımız bu ilin may ayında Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin iclasına onlayn formatda qoşularaq öz çıxışında bunu bildirmişdi.
Avropa Sülh Fondu mexanizmi vasitəsilə Ermənistanın silahlanması, müdafiə qabiliyyətinin gücləndirilməsinə davamlı dəstək, Aİ mülki missiyasının hələ də sərhəddə qalması sual doğurur. Ölkəmizlə Aİ arasında regional çağırışlarla bağlı dialoq davam edir. 20 may tarixində Aİ-Azərbaycan təhlükəsizlik dialoqu Bakıda keçirildi. Düşünürəm ki, bu məsələlər bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.”
Nurlan Cəfəri













