“Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən guya Azərbaycanın COP29-dan sonra Ermənistana hücum etməsi ilə bağlı yayılan absurd bəyanatın səbəbi indiki vəziyyətdə Ermənistanının silahlandırılmasının əsaslandırılmasına ehtiyacın olmasıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi təhlilçi Ermənistan XİN tərəfindən açıqlanan məlum bəyanatın səbəblərindən söz açıb.
Onun sözlərinə görə, sülh müqaviləsi imzalanmazsa, bu cür strateji silahlarla, xüsusilə də hücum silahları ilə münaqişədə məğlub tərəfin silahlandırılması heç bir məntiqə sığışmır:
“Ermənistan bir şeyi də anlamalıdır ki, bu silahlar Ermənistana gətirildiyi an vur-qaç taktikası ilə Azərbaycanın legitim hədəfinə çevrilə bilər. Buna, sadəcə olaraq, seyrçi qalmaq mümkün deyil. Əgər Azərbaycan belə bir addımı atarsa, İrəvan silahların daşınması prosesində artıq iki dəfə düşünməli olacaq. Ermənistan indiki vəziyyətdə bunu əsaslandırmağa çalışır. Çünki sülh müqaviləsi ortada yox ikən necə ola bilər ki, İrəvan özünümüdafiə adı altında hücum silahları ilə silahlandırılır? Bunun məntiqi varmı? Məncə, sülh müqaviləsi diplomatik münasibətlərin qurulması, ticarət və digər məsələlərlə bağlı əməkdaşlıqdan sonra Ermənistan müstəqil dövlət olaraq özünün müdafiə potensialını artıra bilər”.
N. Miri sual edib ki, üfüqdə hələlik sülh müqaviləsinin imzalanması görünməzkən necə ola bilər ki, bu cür strateji hücum silahları Ermənistana verilir?
“Ona görə də növbəti dəfə ən doğru addım kimi İrəvan düşünür ki, Azərbaycan guya COP29-dan sonra Ermənistana hücum edə bilər. Əslində, bu yeni eskalasiyanın bünövrəsini qoymaqdır. Deyək ki, ermənilər noyabra qədər bu cür absurd və yanlış fikirlərlə dünya dövlətlərini və ictimai birliyi aldatdılar. Bəs sonra?! Ona görə də Ermənistan nə qədər gec deyil, bu cür yanlış siyasətdən vaz keçməlidir”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, əslində, ABŞ-nin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi də Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsində Azərbaycanı təhrik etməkdən ibarətdir.
“Məhz bunun səbəbidir ki, ölkə başçısı 2 əsas məsələni vurğulayır: Birincisi, ərazi iddiasının Ermənistan konstitusiyasından çıxarılması; İkincisi, ATƏT-in Minsk qrupu institutunun ləğv olunması.
Prezident bunu ona görə deyir ki, Ermənistanın xeyrinə olan qısamüddətli tələlərə düşməyəcəyik. Bizim üçün hüquqi təminata ehtiyac var. Yəni söz dövrü bitdi, deməkdir. Dolayısı ilə verilən mesaj budur ki, əgər onlar sülh istəyirlərsə, ilk növbədə, Ermənistanı razı salmalıdırlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az