“Paşinyan müəyyən yüngül addımlar atsa da, məsələni kökündən həll etməyi bacaracaq”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistandakı gərginliyin yaxın perspektiv üçün nəticələrindən danışan politoloq Günay Həsənova deyib.
Onun sözlərinə görə, bu gün vəziyyət Ermənistanda gərgindir, gedişat isə hələ də proseslərin gərgin olaraq qalacağına işarədir.
“Miqyasına görə aksiyalar böyük hesab edilə bilməz. Bunu kiçik araşdırma ilə erməni sosial mediasından da görmək mümkündür. Keşiş Baqratın başlatdığı itaətsizlik aksiyasına xalqın böyük kəsiminin yanaşması fərqlidir.
Əlavə olaraq, xarici qüvvələrin burada rolu böyükdür. Ermənistanın baş naziri Nikol Paşinyan müəyyən yüngül addımlar atsa da, məsələni kökündən həll etməyi bacaracaq. Vətən müharibəsindən sonra məğlub olan baş nazirin yenidən seçilməsi bunu deməyə əsas verir. Onun erməni ictimaiyyəti arasında böyük nüfuzu var”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, reallıqları erməni cəmiyyətinə çatdırmaq istəyən Paşinyanın tərəfdarları xeyli çoxdur:
“Bu səbəbdən hələ ki, onu devirəcək güc yoxdur. Eyni zamanda, Paşinyanın indiki dövrdə hakimiyyətdən getməsi də real görünmür. Yeni seçkilərin isə yalnız baş nazirin təşəbbüsü ilə keçirilməsi mümkündür”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az