"Ermənistanın İran və Hindistandan aldığı silahlar boşalmış arsenalı doldurmaq cəhdidir" – Hərbi ekspert
“İran və Hindistan Ermənistana öz hərbi arsenalının potensial alıcısı gözü ilə baxır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Ekspert İrəvanda keçirilən hərbi paradda İran və Hindistan istehsalı olan texnikaların çoxluq təşkil etməsini və Ermənistanın son dövrlər İrandan silah-sursat almasını şərh edib:
“İrəvanda keçirilən son hərbi paradda nümayiş olunan yeni texnologiyalar sırf daxili auditoriyaya hesablanmışdı. Ermənistanda qarşıdan gələn seçkilər öncəsi keçirilən bu paradın əsas məqsədi seçiciləri cəlb etmək idi və Paşinyan bunu bacardı. Ermənistan ordusunun İran hərbi arsenalı ilə təchiz edilməsi heç kimə sirr deyil. Hələ Qarabağ işğal altında olduğu dövrdə də İranla Ermənistan arasında sıx münasibətlər mövcud idi və hazırda bu əməkdaşlıq daha da genişlənib. Bu siyahıda Hindistan, Yunanıstan və Çin də var. Bu, Ermənistanın öz seçimidir və bundan narahat olmağa dəyməz. Adını çəkdiyim ölkələrin texnologiyaları Azərbaycanın müharibədə istifadə etdiyi arsenalından bir addım geri qalır.
Ermənistanın İrandan aldığı hərbi vasitələr bizi əsla narahat etməməlidir. Azərbaycanın yetərincə hava hücumundan müdafiə sistemləri, yeni təyyarələri, artilleriya və pilotsuz uçuş aparatları mövcuddur. Hindistan və İrandan Ermənistana verilən hərbi sursatlar bu ölkələrin öz hərbi sənayesi üçün Ermənistanı potensial alıcı kimi görməsindən irəli gəlir. Onlar silahları çox ucuz satır, Ermənistan da boşalmış hərbi arsenalını doldurmağa çalışır. Sözügedən paraddan narahat olmağa ehtiyac yoxdur. Ermənistan buna məcbur idi. Həm müharibədə, həm də ondan əvvəlki və sonrakı dövrlərdə texnika baxımından çox zəif olduqları üçün indi bu çatışmazlığı kompensasiya etməyə cəhd edirlər”.
Nurlan Cəfəri













