Etibar Məmmədovdan prezident seçkiləri mesajı – “Partiya dəstək verəcək”

Prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, prezident seçkiləri bu ilin aprel ayının 11-də keçiriləcək.

Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı Yenicag.az-a açıqlama verən Etibar Məmmədov bildirib ki, prezidentin imzaladığı sərəncamı şərh edə bilməz:

“Sərəncamın niyə verilməsinə gəldikdə isə bunun səbəblərini hakimiyyət və politoloqlar açıqlamalıdırlar”.

Etibar Məmmədov prezident seçkilərində namizədliyini verib-verməyəcəyinə gəldikdə isə bildirdi ki, bu barədə qərar verməyib:

“Prezident seçkilərində namizəd olub-olmayacağımda əsas partiyanın fikridir. Ona görə də bununla bağlı partiyadan dəqiq məlumat ala bilərsiniz”.

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov isə açıqlamasında qeyd etdi ki, bu məsələ ən çox Etibar Məmmədovun özünün iradəsinə bağlıdır:

“Bizim hələlik, seçkidə iştirak edib, etməməyimiz qeyri-müəyyəndir. Seçkilərin vaxtını dəyişdilər, tələsik seçki keçirilir, belə bir seçkiyə hazırlaşmaq və qərarlar qəbul etmək lazımdır. Ölkədə nələrin baş verdiyini aydınlaşdırmalıyıq. Etibar Məmmədov özü seçkilərdə iştirakla bağlı qərar qəbul edəcəksə, partiya onu dəstəkləyəcək. Çalışacağıq ki, onun namizədliyi geniş şəkildə dəstək alsın”.

 

Səxavət Məmməd