Əvvəlcədən ödəniş almayan taksi sürücüsü imtina edə bilərmi? - EKSPERT AÇIQLADI
“Əgər taksi sürücüsünə əvvəlcədən ödəniş edilmirsə, o zaman sürücü sifarişçiyə xidmət göstərməkdən imtina edə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, taksi sürücüləri və sərnişinlər arasında məsafəyə görə göstərilən məbləğlə bağlı yaranan problemin həll yollarından danışıb.
Ekspert bildirib ki, taksi daşımalarında bütün məsələlər əvvəlcədən bağlanmış müqavilə (sözləşmə) əsasında həyata keçirilir:
“Bu halda sifarişçi ilə sürücü arasında vasitəçi şirkət, hüquqi şəxs və ya fiziki şəxs olması mümkündür. Həmçinin, bəzi hallarda sürücü ilə sifarişçi birbaşa öz aralarında razılığa gələ bilərlər.
Məsələn, əgər sürücü ilə sifarişçi arasında taksi şirkəti və ya taksi tətbiqi şirkəti varsa bu zaman xidmət həmin komissiya haqqı alan tərəfin, yəni taksi tətbiqinin və ya taksi şirkətinin sifarişçi ilə bağladığı müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə sürücü dolayısı ilə iştirakçı olmur. Beləliklə, müqavilənin əsas tərəfləri taksi şirkəti və sifarişçi sayılır”.
Ekspert deyir ki, həm taksi sürücülərinin, həm də sifarişçilərin müəyyən hüquq və vəzifələri var:
“Taksi sürücüsü müəyyən hallarda sifarişçiyə xidmət göstərməkdən imtina etmək hüququna malikdir. Bu hallar nəzərə alınmalıdır ki, ortaq məxrəc əldə olunsun.
Əgər taksi sürücüsünə əvvəlcədən ödəniş edilmirsə, o zaman sürücü sifarişçiyə xidmət göstərməkdən imtina edə bilər. Eyni zamanda sifarişçinin də məsələ üzrə müəyyən tələblər irəli sürmək hüququ mövcuddur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli