“Fransa dünyada neokolonizm siyasəti yürüdən nadir ölkələrdən biridir. Bu kolonial siyasət isə dünən başlamayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Fransanın Karib hövzəsindəki dənizaşırı torpağı sayılan Martinikada qiymət artımları ilə bağlı başlayan etirazlardan, habelə bu ölkənin neokolonizm siyasətindən söz açan politoloq Fuad Abbasov deyib.
O, tarixə ekskurs edərək bildirib ki, Martinikadan savayı, Fransız Polineziyası (Taiti) 1842-ci ildə Fransanın nəzarətinə keçib:
“Eləcə Qvadelupa, Martinika kimi adalar da XVII əsrdən Fransanın müstəmləkəsi olmağa davam edir. Bəhs etdiyimiz Yeni Kaledoniya isə 1853-cü ildə Fransa tərəfindən işğal olunub. Yəni 200-300 il ərzində Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan qüvvə olmayıb. Olsa da, Fransa çox məharətlə bunun üstəsindən gəlib”.
Onun sözlərinə görə, ermənilərin Fransanın başına açdığı oyun nəticəsində Azərbaycanın başda Yeni Kaledoniya olmaqla digər fransız müstəmləkələrinin müstəqilliyi istiqamətində apardığı siyasəti dəstəkləməsi, habelə Bakı Təşəbbüs Qrupunun fəaliyyətləri nəticəsində bunun həyata keçirilməsi digər müstəmləkələrdə həyəcan yaratmış oldu.
Mütəxəssis hesab edir ki, Azərbaycan təkbaşına bunun öhdəsindən gələ bilməzdi:
“Çünki Fransa elə bir dövlətdir ki, əgər Azərbaycanın arxasında digər dövlətlər olmasaydı, Azərbaycanla bu məsələni çox rahat şəkildə həll edə bilərdi. Baxmayaraq ki, Fransada çoxgüclü erməni lobbisi var, amma fransızlar bizimlə dil tapa bilərdi. Lakin nəzərə almalıyıq ki, Fransa hakimiyyəti bu gün təkcə Azərbaycanı yox, eləcə də Rusiya. Türkiyə və bir çox digər dövlətləri artıq boğaza yığıb. Nəticə etibarilə də Fransanın müstəmləkələrində müstəqillik uğrunda etirazlar davam edir və günü-gündən ciddiləşir.
Bütün bunlar onu göstərir ki, artıq bıçaq boğaza dirənib və bunun geri dönüş yolu yoxdur. Fransa öz ərazisində yaşayan ermənilərin ondan tələb etdiyi mənasız qərarların cavabı olaraq kolonial hakimiyyətinə son verməklə üz-üzə qala bilər”.
Rafi Müslümov
www.yenicag.az