“Komandalarımızın avrokubokda olan çıxışları onu göstərdi ki, Azərbaycan premyer Liqasının səviyyəsi heç də aşağı deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında start götürəcək yerli çempionat və Azərbaycan komandalarının səviyyələrindən danışan idman jurnalisti Emin Abbasov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan çempionatında növbəti mövsüm başlayır:
“İlk növbədə onu qeyd etməliyik ki, komandalarımızın avrokubokda olan çıxışları onu göstərdi ki, Azərbaycan premyer Liqasının səviyyəsi heç də aşağı deyil. Dörd komandamızdan üçün növbəti mərhələyə adlaya bildi. Əgər “Sumqayıt” da “Fehervar”la Bakıdakı oyunda qırmızı kart alaraq azlıqda qalmasaydı, bəlkə onlar da mərhələni adlaya bilərdilər. Ona görə də, ümumən baxaraq, bir fakt kimi deyə bilərik ki, yerli çempionatın səviyyəsi yaxşıdır. Klub reytinq əmsalında da irəliləyişin olduğunu görə bilirik. Xallarımız artır. Çünki komandalarımız uğurlu çıxış edir”.
E.Abbasov qeyd edib ki, Azərbaycan Premyer Liqasını maraqla gözləyən azarkeşlər də var:
“Bu gün Azərbaycan çempionatında növbəti mövsüm başlayır. Azərbaycan Premyer Liqasını maraqla gözləyən azarkeşlər də var. Düşünürəm ki, maraqlı mövsüm olacaq. Çünki avrokuboklarda çıxış edən komandaların gücü göz qabağındadır. “Neftçi”də Qriqorçuk, “Turan Tovuz”da Kurban Berdıyev kimi məşqçilər işə başlayırlar. İkisi də özünü təsdiqləmiş mütəxəssislərdir. Bu mövsüm “Neftçi”dən də gözləntilər böyükdür. “Turan Tovuz” adına onu deyə bilərəm ki, Kurban Berdıyev olan yerdə həmişə nəticə də olur. Fikrimcə, komandada maraqlı kollektiv ərsəyə gətirə biləcəklər.
“Araz Naxçıvan”nın heyəti kifayət qədər güclənib. Burada yəqin ki, əsas sual ötən mövsümlə müqayisədə zəifləmiş “Səbail”, hələ də özünə sponsor tapa bilməyən “Kəpəz” və yenidən premyer liqaya qalxan “Şamaxı”dır. Bu üç komandanın şansı digərləri ilə müqayisədə aşağı götürülür. Təbii ki, hər mövsümün gedişində hər hansı fors-majorlar yaşanır, gözlənilmədən hər hansı komanda daha yuxarı qalxa bilir yaxud yuxarı yerlərdə görülməyi planlaşdırılan komanda aşağı pillələrə də enə bilir. Lakin ümumilikdə götürsək, bu üç komanda digərlərindən daha iddiasız görünür. Onlar yəqin ki, liqada qalmaq üçün mübarizə aparacaqlar”.
Mütəxəssis əlavə edib ki, yerli çemiponatda “Qarabağ” hegemonluğu mövcuddur:
“Digər 7 komandanın hər biri avrokuboklara düşmək uğrunda mübarizə apara bilər. Çempionluq bir az müşkül məsələdir. Burada “Qarabağ”ın hegemonluğu var. Yəni çempionluğa ən real namizəd yenə də “Qarabağ” görünür. Amma yəqin ki “Neftçi”, “Sabah”, “Zirə” kimi komandalar bu mübarizədə hər hansı çətinliklər yarada bilərlər. Lakin şanslar “Qarabağ”ın xeyrinədir”.
İsmayıl Bakuvi
www.yenicag.az