Gənclər sağ olduqlarını sübut etmək üçün bu tətbiqə PUL ÖDƏYİRLƏR
Çində son günlərin ən çox müzakirə edilən mobil tətbiqi “Are You Dead?” (Sən ölmüsən?) adlanır. Adı bir qədər ürəkürpədici səslənsə də, tətbiqin funksiyası tək yaşayan milyonlarla insan üçün həyati əhəmiyyət kəsb edir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, tətbiqin iş prinsipi kifayət qədər sadədir: istifadəçi hər iki gündən bir ekrandakı düyməyə basaraq sağ olduğunu təsdiqləməlidir. Əgər təyin olunmuş vaxtda təsdiq gəlməsə, tətbiq avtomatik olaraq istifadəçinin öncədən qeyd etdiyi yaxın adamına təhlükə siqnalı və xəbərdarlıq göndərir.
Böyük şəhərlərdə tək yaşayan gənclər arasında sürətlə yayılan proqram artıq ölkənin ən çox yüklənən ödənişli tətbiqləri siyahısında liderdir. Proqnozlara görə, 2030-cu ilə qədər Çində tək nəfərlik ev təsərrüfatlarının sayı 200 milyona çatacaq. Bu isə bənzər tətbiqlərə tələbatı kəskin artırır.
Pekində çalışan 38 yaşlı Uilson Hou tətbiqdən istifadə səbəbini belə izah edir:
“Tək yaşayıram, başıma bir iş gələrsə, günlərlə kimsənin xəbəri olmamasından qorxuram. Bu tətbiq sayəsində ən azı indi bilirəm ki, mən yoxa çıxsam, kimsə xəbər tutacaq”.
Tətbiqin “Sən ölmüsən?” şəklindəki adı isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu bədbin və uğursuz ad hesab edərək, daha pozitiv alternativlər təklif edirlər. Şirkət rəhbərliyi isə artıq adın dəyişdirilməsi üzərində düşündüklərini açıqlayıb.
Qeyd edək ki, beynəlxalq bazarda “Demumu” adı ilə tanınan tətbiq artıq ABŞ, Sinqapur və Honq-Konqda da populyarlıq qazanıb. Qiyməti cəmi 8 yuan (təxminən 1.90 AZN) olan bu sistemin gələcəkdə yaşlılar üçün daha xüsusi funksiyalarla təkmilləşdirilməsi planlaşdırılır.
Müasir dövrün yalnızlıq sindromuna qarşı yaradılan bu texnologiya, əslində milyonlarla insan üçün səssiz bir “mən buradayam, sağam” mesajıdır.
Sona Əliyeva












