Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edildi – FƏRMAN

“Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 146 nömrəli Fərmanında dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişiklikdən öncə Maliyyə Nazirliyi, birgə hesablamalar əsasında, Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə hər il dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün zəruri tədbirlər görürdü.

Fərmanla dövlət büdcəsindən maliyyə yardımının ayrılması Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman obyektlərinə aid edilir.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman da imzalayıb.
Fərmanla Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edilib. Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

Nazirlik, həmçinin tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Bu vaxta qədər nazirlik bu işləri ancaq olimpiya idman kompleksləri üzrə həyata keçirirdi.