Putin İran sevgisini RƏSMİLƏŞDİRİR: Qərbə qarşı “nikah sazişi” İMZALANACAQ?

media-hightechnic-468x90

“Putinin bu səfərinin əsas məqsədi də Ukrayna müharibəsində İranın onun yanında olduğunu nümayiş etdirməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

O, İranın Moskvadakı səfiri Kazım Cəlalinin Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana səfər edə biləcəyi ilə bağlı bəyanatının geosiyasi mənada hansı mənaları ehtiva etdiyini şərh edib.

Politoloq bildirib ki, Putinin İrana səfərində təəccüblü bir şey yoxdur.

“Yaxınlarda Rusiya ilə İran arasında Peterburqda strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. Bu sazişin imzalanması Rusiya-Qərb qarşıdurması şəraitində Teehran və Moskvanın eyni mövqedə olduğunu nümayiş etdirmək üçün vacib idi. Bu sazişdən sonra Putinin İrana səfəri xüsusi hal sayılmır. Hazırkı vəziyyətdə dünyada dərin və mürəkkəb siyasi qarşıdurma prosesi gedir. Hər bir ölkə öz mövqeyini müəyyən etməyə çalışır. Rusiyanın yanında olan ölkələrin coğrafiyası tam olmasa da təqribən 90% məlumdur”.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi və İran-İsrail gərginliyi fonunda Kreml-Tehran münasibətlərində tamamilə yeni atmosfer yaranıb:

“Belə ki, indiki şəraitdə İran və Rusiya dünyada bir-birlərini ardıcıl şəkildə dəstəklədiklərini hər addımda açıq şəkildə göstərməkdə maraqlıdırlar. Putinin bu səfərinin əsas məqsədi də Ukrayna müharibəsində İranın onun yanında olduğunu nümayiş etdirməkdir. İkinci məqsəd isə beynəlxalq sanksiyalar və təzyiqlər altında olan İrana dəstək verdiyini göstərmək və bu ölkə ilə müttəfiq olduğunu təsdiqləməkdir”.

Analitikə görə, Putin yaxşı bilir ki, Tramp administrasiyası mümkün qədər hərbi qarşıdurmalardan yayınmağa çalışır:

“İstər Ukrayna münaqişəsi, istərsə də Yaxın Şərqdəki toqquşmalar, Tramp bu proseslərdə birbaşa iştirakdan çəkinməyə üstünlük verir və yan keçməyə çalışır. Buna görə də ümid edirlər ki, nə Tramp İranla birbaşa qarşıdurmada maraqlı olacaq, nə də İsrailin belə qarşıdurmaya başlamasına asanlıqla icazə verəcək. Bu vəziyyət müəyyən mənada Rusiyanın siyasi rəhbərliyini həvəsləndirir. Hazırda isə həm Rusiya, həm də İran bütün vasitələrlə müttəfiq olduqlarını göstərməyə çalışırlar. Çünki həm İran, həm də Rusiya getdikcə artan beynəlxalq təzyiqlər və sanksiyalarla üz-üzə qalır. Lakin əgər yaxın gələcəkdə ABŞ və ya İsrail tərəfindən İrana birbaşa hərbi zərbə endirilərsə Rusiya bu müttəfiqliyi daha qabarıq şəkildə ortaya qoymaqdan çəkinəcək. Bir sözlə, bu, əslində onların özlərini müdafiə etmək üçün seçdikləri üsullardan biridir”.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600