Avropa "Board" imtahanını qazanmış azərbaycanlı uşaq cərrahı ilə MÜSAHİBƏ
Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçən uzman uşaq cərrahı və uroloqu Dr. Vüsal Cəfərovun Yenicag.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
– Vüsal doktor, yaxın günlərdə Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçdiniz. Azərbaycan səhiyyəsi adına bir uğurdur. Buna görə sizi təbrik edirik!
-Çox sağ olun!
– Bu imtahan haqqında məlumat verərdiniz. Harada və necə keçirilir?
– Avropa “Board” Sertifikasiyası üçün internetdə xüsusi səhifə var. Orada “Board” şərtləri, imtahan qaydaları qeyd olunub. İmtahan ildə 3 dəfə keçirilir. Amma hər həkim ildə 1 dəfə qatıla bilər. Kəsilən doktorlar növbəti ili gözləməli olur. İmtahan Avropanın müxtəlif yerlərində, eləcə də Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilir. Bizə yaxın olduğu üçün mən Ankaranı seçdim.
– İmtahan neçə mərhələdən ibarətdir?
– İki mərhələdən. Ən vacibi yazılı imtahandır. Bu imtahanı keçməklə biz Avropada ali tibb təhsili almış həkimlə təməl kliniki fənnlər baxımından eyni nəzəri biliklərə sahib oluruq. Daha dəqiq desək, Avropa sertifikasiyasından keçməklə avropalı doktorlarla diplomlarımız bərabərləşir. İkinci bir imtahan da var. Bu “fellow” kimi tanınan imtahandır. Bu imtahandan keçən həkim Avropanda maaşla işləmək fürsəti qazanır.
– İmtahan sualları necə tərtib edilir?
– İmtahan mərkəzi Şotlandiyadadır. Suallar orada tərtib olunur və bağlı şəkildə göndərilir. Hətta sual paketləri imtahanda gözümüzün önündə açıldı. Cavablar 3 professor tərəfindən qəbul edilərək təhvil alınır və imtahan mərkəzinə göndərilir.
– Avropa “Board” sertifikasiya imtahanının hansı əhəmiyyəti var?
– Avropada ali tibb təhsili almamış həkimlər üçün xüsusi əhəmiyyəti var. Oxucular üçün sadə şəkildə belə izah edə bilərəm, bu imtahanı keçməklə bir növ diplomumuz Avropada tanınır və avropalı həkimlərlə bərabərləşmiş oluruq.
– Çətin bir imtahandır. Belə bir uğurlu nəticəyə necə nail oldunuz?
– Doğrudur, mürəkkəb imtahandır. Suallar tək uşaq cərrahiyyəsinə aid olmur. Həmçinin anatomiya, fiziologiya, patohistologiya, genetika, pediatriya, farmakologiya və s. fənnlər də yer alır. Eyni zamanda, tibbi statistikadan da suallar vardı. İmtahan suallarının 30-35 faizini orta statistik uşaq cərrahı cavablaya bilər. Amma qalan sualları cavablamaq üçün çox ciddi oxumaq, hazırlaşmaq lazımdır. 1 il buna vaxt ayırdım. Düzdür, mən hər gün aktiv uşaq cərrahı kimi işləyirəm. Yəni evdə oturub imtahana hazırlaşa bilməzdim. Amma işdən sonra, bazar və bayram günləri hər boş saatımı bu imtahana hazırlaşmağa sərf etdim. Çox şükür, nail ola bildim.
– Sizinlə eyni vaxtda imtahan verən başqa həkimlər də vardı?
– Bəli, məndən başqa Türkiyədən 7 uzman həkim də qatılmışdı. Düşünürdüm ki, onların imtahan nəticələri, yəqin, məndən daha yüksək olar. Amma cəmi 2 doktor imtahanı keçə bildik və ən yüksək nəticə məndə oldu.
– Sizdən başqa da bu “Board” imtahanından keçmiş azərbaycanlı uşaq cərrahı varmı?
– Bildiyim qədəri ilə Türkiyədə yaşayan bir azərbaycanlı uşaq cərrahı bu imtahanı verib. Amma ölkəmizdə fəaliyyət göstərən və bu imtahandan keçmiş yeganə azərbaycanlı uşaq cərrahıyam.
– Bu imtahandan keçmək istəyən həmkarlarınıza nələri tövsiyyə edərdiniz?
– Çox oxumaq və hazırlaşmaq. İnsan qarşısına hədəf qoyub çalışarsa, keçə bilməyəcəyi imtahan yoxdur.
Könül CƏFƏRLİ