Putin pauzada: “Hörümçək torun”a düşən “rus ayı”sının səsi NİYƏ KƏSİLDİ?
“Rusiya tərəfi bundan ciddi şəkildə hərbi, siyasi sarsıntı keçirib”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.
O, Ukraynanın hücumlarından sonra Rusiya prezidenti Vladimir Putinin səssizliyinin nə mənaya gəldiyini şərh edib.
R. Becanov bildirib ki, Ukraynanın “Hörümçək toru” əməliyyatı həcminə, planlanmasına görə çox böyük əməliyyatdır:
“Davam edən 3 illik müharibə müddətində bu qədər böyük həcmli və düşünülmüş, dəqiqliklə işlənmiş bir plan olmamışdı. “Pautina” adlanan bu unikal əməliyyatın hazırlanmasına bir ildən çox hazırlıq görülüb. Əməliyyatın hazırlanmasına və həyata keçirilməsinə şəxsən Ukrayna prezidenti Volodimir Zelenski özü nəzarət edib. Dörd hərbi aerodromda Rusiyaya məxsus 41 strateji təyyarə məhv edilib. Bu, çox böyük bir əməliyyatdır. Rusiya tərəfi bundan ciddi şəkildə hərbi, siyasi sarsıntı keçirib. Ərazisi işğal edilən bir ölkənin il yarım hazırladığı əməliyyatdan rəqibin məlumat ala bilməməsi onu göstərir ki, Rusiyanın hərb sistemi kimi kəşfiyyatı da tənəzzül dövründədir.
Bütün bunlar göstərir ki, Ukrayna təslim olmaq fikrindən çox uzaqdır. Təzyiqlərə baxmayaraq, Rusiyanın aşağılayıcı təslimçilik şərtlərini qəbul etməyəcək və müqavimət davam edəcək. Bu əməliyyatın İstanbul danışıqlarından öncə həyata keçirilməsinin də xüsusi mənası var. Yəni siz nəsə tələb edə bilərsiniz, amma biz təslimçilik tələbini rədd edirik”.
Siyasi şərhçi qeyd edib ki, realist olmaq lazımdır. Rusiyanın hərbi gücü kifayət qədər çoxdur:
“Əməliyyatın böyüklüyünə baxmayaraq, gücü qalmaqdadır, silah-sursatı yetərincədir. Ona görə də düşünürəm ki, bir əməliyyatla Rusiyanı dayandırmaq, tələblərindən geri çəkilməsinə nail olmaq mümkün deyil. Biz bunu Kursk əməliyyatında da gördük. Amma Ukraynanın müqaviməti tarixdir, reallıqdır, işğalçıya qarşı mübarizədir. Ukrayna Rusiya hərbi mifini dağıtmaqda davam edir. Rusiyanın bu hücuma cavab verəcəyi təbiidir. Bunu artıq ABŞ prezidenti Donald Tramp da təsdiq edir. Trampın öz hesabında paylaşdığı məlumata görə Putin çox sərt şəkildə buna cavab verəcəklərini bildirib. Bu mövqeyə qarşı ABŞ prezidenti öz cavabı haqqında nə isə yazmayıb. Bu da onu deməyə əsas verir ki, Rusiya tərəfindən bu hücuma qəti və sərt cavab veriləcəyi artıq proqnozlaşdırılmır, gözlənilir”.
“Düşünürəm ki, əməliyyatın böyüklüyü, dəqiqliyi, mexanizmi o qədər dəqiq və professionalıqla hazırlanıb ki, Rusiyada şok effekti yaradıb. Rusiya tərəfi həm bu mərhələni keçmək, həm də ABŞ-ni məlumatlandırdıqdan sonra bu addımı atmaq istəyirdi. Putinlə Tramp arasında danışıqdan sonra ABŞ Rusiyanın adekvat cavabının olacağı haqqında məlumatlandı. Ona görə də Rusiyanın artıq cavab zərbələrinə hazırlaşdığını düşünmək olar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli