Gender bərabərliyinin təminatı və qadın-kişi münasibətləri: Azərbaycanda ailə dəyərləri necə qorunur? – TƏHLİL

Əhməd Qəşəmoğlu: ““Gender bərabərliyi” yox, “gender münasibətləri” ifadəsinin işlədilməsinin tərəfdarıyam”.

Vüsalə Əmiraslanova: “Psixoloji müayinə könüllü yox, məcburi olmalıdır”.

Müasir dünyada dövlətlərin bir çoxunun həll etmək üçün qarşıya qoyduğu əsas problemlərdən biri də gender, ailə və demoqrafiya məsələsidir. Kişilər kimi qadınların da sosial və siyasi sahədə aktiv fəaliyyəti son illər daha çox müşahidə olunmaqdadır. Bu isə demokratikləşmə prosesinin əsas elementlərindən biri kimi ön plana çəkilib. Hazırda Azərbaycanda da dövlət idarəçiliyində, siyasi sahələrdə qadınların rolu artmaqdadır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, gender bərabərliyi dedikdə aydın olaraq nəyin nəzərdə tutulduğu başa düşülmür:

“Çünki bir çoxu gender bərabərliyi anlayışını “qadın və kişilərin sayı eyni olmalıdır” kimi başa düşür. Bu isə tamamilə yanlış yanaşmadır. Mən “gender bərabərliyi” yox, “gender münasibətləri” ifadəsinin işlədilməsinin tərəfdarıyam. Çünki insan təbiətinə uyğun olaraq istər evdə, istərsə də kollektivdə kişi və qadın bir-birini tamamlayır. Bu iki cinsin bərabərliyindən danışmaq naşı yanaşmadır.
Qadın və kişinin özünə xas xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər bir-birini tamamladıqda gözəl olur. Ölkəmizdə təəssüflər olsun ki, gender bərabərliyi adı altında yanlış təbliğat aparılır. Bu da dağıdıcı xarakter daşıyır. Ölkəmiz və ümumiyyətlə, Şərq ölkələri üçün gender fəlsəfəsi tamamilə yeni əsaslarla işlənməlidir. Ərazidən, regiondan, ölkədən asılı olaraq gender məsələləri ahəngdar bərabərliyi tamamlayacaq şəkildə nizamlanmalıdır.

Gender məsələsi sahəsində ölkəmizdə boşluqlar var. Məsələ ətrafında ciddi işlər görülməlidir. Əsas olaraq öz konsepsiyamız olmalıdır. Maarifləndirmə işləri aparılmalı, istər bağçalarda, istər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində tədbirlər keçirilməli, gender məsələlərinin mahiyyəti cəmiyyətin yetişən gəncliyinə başa salınmalıdır”.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova bildirib ki, Azərbaycanda ailə hər zaman dəyərli olub və mürəkkəb xarakter daşıyıb:

“Sadə ailələr hazırda artmaqdadır. Əvvəllər ailədə qayınana, qayınata, qayın, yaxud baldız birgə yaşayırdısa, son zamanlar daha rahat və sərbəst yaşamağa üstünlük verilir.

Ailələrin müdaxiləsi məsələsi son zamanlar azalsa da, yeni qurulmuş ailələr ailə dəyərləri haqda dərin məlumata sahib olmurlar. Yəni bir-biri ilə davranma qaydaları, ailənin necə qorunması və s. haqqında məlumatsızdırlar. Bəzən bir-birini tanımayan iki gəncin bir həftə içində tanış olub ailə qurduğunun şahidi oluruq. Ölkəmizdə keçirilən ən önəmli tədbirlərdən biri həmin cütlüklərin qeydiyyata alınmasıdır.

Xüsusilə diqət ayrılmalı məsələlərdən biri gənclərin psixoloji olaraq müayinəsidir. Bəzən evlənmə prosesində gənclər psixoloji müayinədən qaçırlar. Lakin bu, könüllü yox, məcburi olmalıdır. Çünki bəzən gənclər psixiatrik problemləri gizlədirlər. Bu da nikah daxilində gələcəkdə böyük problemlərin yaranmasına səbəb olur. Zorakılıq və digər xoşagəlməz hallar artır.

Gender bərabərliyi Azərbaycanda tam təmin oluna bilməz. Çünki müsəlman ölkəsiyik. İstər-istəməz qadınlar və kişilər fərqli yerdədir. Lakin artıq Azərbaycanda da qadınların biznes kreditləri götürüb iş qurduğu, sahibkarlığa qoşulduğu müşahidə edilir.

Yanlış təbliğat səbəbindən gender bərabərliyi adı altında neçə ailənin dağıldığını görmüşük. Ailə dəyərlərini qorumaq üçün Azərbaycan xalqı bu adət-ənənəni nəsildən-nəsilə ötürüb, qoruyub, saxlayıb. Ancaq bəzən mentalitetlə ailə dəyərləri səhv salınır. Mentaliteti insanların yaratdığını bilmək mütləqdir. Ailə dəyərləri isə qədimdən bu günümüzə qədər nəsildən-nəsilə ötürülərək gəlib çatıb”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.