“Bəzən ATƏT məkanında təşkilata üzv ölkələrin ərazisində fəaliyyət göstərən bir sıra təşkilatlar media azadlığı adı altında üzv dövlətlərə qarşı konkret dezinformasiya və təbliğat kampaniyası aparır”.
Yenicag.az-ın məlumatına görə, bunu Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda müzakirələr zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, belə təşkilatlardan biri də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsidir.
Konfransda iştirak edən layihə nümayəndəsinə müraciət edən H. Hacıyev qeyd edib ki, bu təşkilat 2017-ci ilin payızında Azərbaycana qarşı “laundromat” adı altında tamamilə əsassız materiallar hazırlayıb: “Həmin materiallarda hər hansı araşdırma və fakt ortaya qoyulmadan Azərbaycan əleyhinə kampaniya aparılıb. Biz bunu bilavasitə “soyuq müharibə” dövrünü xatırladan informasiya kampaniyası kimi qiymətləndiririk”.
XİN sözçüsü ATƏT məkanında bu cür media təsisatların fəaliyyətinin təəssüf doğurduğunu vurğulayıb: “Hesab edirik ki, ATƏT-in Media azadlığı ofisi bu cür təşkilatlara üzv ölkələrdə bu kimi fəaliyyət aparmasına imkan verməməlidir. Təəssüf doğuran məqam odur ki, bu cür təşkilatları maliyyələşdirənlər arasında ATƏT-ə üzv ölkələr də var”.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin nümayəndəsi H. Hacıyevin dediklərinə münasibət bildirməyib.
www.yenicag.az