“Təcili tibbi yardım maşınının arxası ilə sürüb ona təhlükə yaratmaq olmaz”.
Bunu sayrışan işıqlarını yandıran operativ nəqliyyat vasitələrinin arxasıyca düşərək dəfələrlə yollarda qəzaya səbəb olan sürücülərə etirazını bildirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat ekspertш Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə sayrışan işıqlarla hərəkət edən operativ nəqliyyat vasitələri karvanına qoşulan avtomobil sürücüsünə 100 azn cərimə tətbiq olunur:
“Operativ nəqliyyat vasitəsinə təhlükə yaratmaq olmaz. Aidiyyatı qurumlar operativ nəqliyyat vasitələrinə kamera quraşdırılması ilə bağlı dəfələrlə müraciət edib. Xüsusən təcili tibbi yardım sürücüləri bu təklifi irəli sürüb. Bundan əlavə şəhərimizin bir çox yerində müşahidə kameraları var. Həmin texniki vasitələrlə sözügedən sürücülər aşkar olunur və məsuliyyətə cəlb edilir.
Sürücülər yanğınsöndürən, təcili tibbi yardım maşınının kefindən yola çıxmadığını anlamalıdır. Həmin nəqliyyat vasitələrinə yol verilməli, arxasıyca düşüb təhlükə yaradılmamalıdır. Dəfələrlə özüm də müşahidə etmişəm ki, tıxacda ilişib qalan təcili tibbi yardım maşınına yol verilir, hansısa “ağıllı”da düşür nəqliyyat vasitəsinin arxasına. Elə sürətlə avtomobili idarə etməkləri dəfələrlə qəzaya yol açıb.
Sürücülər məsuliyyətli olmalıdır. Belə əhəmiyyətli mövzulara həssaslıqla yanaşmaq lazımdır. Dünyanın digər ölkələrində təcili tibbi yardım maşınına digər sürücülərin yol verdiyini gördükdə həsəd aparıram. Düzdür, artıq Azərbaycanda da bu ənənə formalaşıb. “Hoqqabazlıq” edənlərin bir çoxu qabağa düşmək istəsə də, dala düşür”.
Nəsimi Ələsgərli
www.yenicag.az