İlham Əliyev Cəbrayılda – YENİLƏNDİ / FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlətimizin başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Dövlətimizin başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

***

Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.

***

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına sənaye parkı haqqında məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.

Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.

***

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.

Dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib.

Yenicag.az xəbər verir ki, Prezident, Silahlı Qüvvəllərin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etməsi münasibətilə hərbi hissədə mərmər yaddaş daşı və lövhəsi quraş¬dırılıb.

Hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.

Prezident İlham Əliyev zirehli döyüş avtomobilini idarə etdi, “Harop” pilotsuz uçuş aparatlarına baxdı.

Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataq¬xanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətlən¬dirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləş¬dirilməsinə imkan verən zəruri şərait yaradılıb. İdman şəhərciyində hərbi qulluqçuların idman¬la məşğul olmaları üçün futbol və voleybol meydançaları, həmçinin ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan idman zalı vardır. Ərazidə əsaslı abadlıq işləri aparılıb.

***

Oktyabrın 4-də Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Prezident İlham Əliyev Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.

Prezident İlham Əliyev məktəbin təməlini qoyub.

***

Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

***

Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.