Prezident İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir:
“Otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.