Heydər Əliyevin açdığı ZƏFƏR YOLU: "İlham Əliyev Müzəffər Ali Baş Komandan zirvəsinə ucaldı"
“Qarabağ məsələsi Ulu öndər Heydər Əliyevin nisgili idi…”
Bu sözləri Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümündə onun siyasətinin əsas çalarlarından danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirib. 
B. Məhərrəmov bildirib ki, ötən 22 ildə Azərbaycan da çox dəyişsə də, dəyişməyən şey Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sədaqəti və onun yoxluğu ilə barışmamasıdır:
“Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından isə çox daha müstəqil idi.
Biz illər ərzində yanlış təbliğatın, yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev “dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?” sualına cavab verməyi bacaran ilk və son lider oldu”.
O, H. Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda baş verən müsbət dəyişikliklərdən bəhs edib:
“1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi.
Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu öndərin sayəsində başlandı. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti, heç şübhəsiz ki, xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu.
Məlumdur ki, Ulu Öndər Bakıya qayıtdıqdan sonra burada təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə Onun əsas silahdaşı məhz cənab İlham Əliyev olmuşdu. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu”.
Deputat qeyd edib ki, 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində Ulu öndərlə bərabər, onun əsas silahdaşı kimi məhz İlham Əliyevin adı çəkilməlidir:
“Qarabağ məsələsi Ulu öndərin nisgili idi, hətta 1 oktyabr 2003-cü ildə, özünün həyatını həsr etdiyi xalqına son müraciətində də dahi lider ifadə edirdi ki, “xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik”. Baxmayaraq ki Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, “xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı”. Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük verdi.
Baxmayaraq ki Ulu öndər dediyi kimi, “Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi”. Cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır. Ulu öndərin siyasi davamçısı olaraq cənab İlham Əliyev məhz milli düşüncəni təmsil edirdi. Xalqın tükənməz dəstəyi ilə o həm tariximizin, həm də regionun ən güclü ordusunu, ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. Heydər Əliyev siyasi kursuna sadiq qalaraq 200 ildir, zəbt edilmiş təfəkkürləri, 30 ildir, işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Azərbaycan Respublikası isə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri, türk dünyasının Ulu Öndəri Heydər Əliyevin görmək istədiyi mənzərə də məhz bu idi və heç şübhəsiz ki, vəfatının 22-ci ildönümündə bu reallıqlardan dahi Liderin ruhu da şaddır”.
Nurlan Cəfəri












