İnsan alverinə qarşı MÜBARİZƏ: “Azərbaycan bir sıra ölkələr üçün nümunədir” – MÜSAHİBƏ
Azərbaycan Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.
Azərbaycanda insan alveri ilə bağlı real durum, ona qarşı mübarizə, dövlət və vətəndaş cəmiyyətinin bu sahədə əməkdaşlığı, eləcə də mövzu ətrafında digər məsələlərə aydınlıq gətirmək üçün İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevlə söhbətləşdik.
Yenicag.az müsahibəni təqdim edir:
– Ramiz müəllim, öncə istərdik ki, insan alverinin mahiyyəti barədə məlumat verərdiniz. İnsan alveri nədir, onun hansı növləri var və cəmiyyət üçün təhlükəsi nədən ibarətdir?
– İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyəti qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birdəfəlik həlli mümkün deyil. Səbəb də odur ki, zaman keçdikcə, bu istiqamətdə fəaliyyət göstərən cinayətkar qruplar da öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən – müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından istifadə edirlər. Dünyada insanın istismarına xidmət edən fəaliyyətlərin sırası ildən-ilə genişlənir. İnsanların alınıb-satılması, oğurlanması, girov götürülməsi, cinsi istismarı, məcburi əmək, məişət köləliyi, insan orqanlarının alveri ağır cinayətlər sayılır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada insan alveri olmasın. İnsan alveri elə bir cinayət növüdür ki, onunla aparılan müharibədə hələ ki, atəşkəsə nail olmaq mümkün deyil. Azərbaycanda insan alverinin ən geniş yayılmış forması qadınların aldadılaraq xarici ölkələrə aparılması və onların orada pasportları əllərindən alınaraq, öz iradələrindən kənar müxtəlif işlərə cəlb olunmasıdır. Gənc qızlar təhsil, evlilik, modellik adları altında aldadılaraq xarici ölkələrə aparılıb qurbana çevrilirlər. Həmin qadınlar əsasən cinsi istismara məruz qalırlar. İnsan alverinin qurbanı olan kişilər isə xarici ölkələrə aparılaraq məcburi əməyə cəlb olunurlar. Bütün bunlar Azərbaycan dövlətini ciddi narahat edir.
– Azərbaycanda insan alverinə qarşı mübarizə hansı səviyyədədir?
– Bu il Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi ölkəmizdə “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir. Ümumiyyətlə, Azərbaycan polisinim insan alverinə qarşı hərtərəfli, genişmiqyaslı mübarizəsi bu sahədə ciddi uğurların əldə edilməsini şərtləndirən əsas meyardır. İnsan alverinin hər cür növünün qarşısının alınması, qurbanlara yardım və onların müdafiəsi, cinayətkarların təqibi, beynəlxalq əməkdaşlıq ölkəmizdə yüksək səviyyədə qurulub. Azərbaycanın bu sahədə gördüyü işlər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli hüquqi mexanizm, şəriat, iradə mövcuddur. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planı uğurla icra edilir. İnsan alverinin qarşısının alınması üçün həm hüquqi müstəvidə mübarizə aparılır, həm də maarifçilik işləri həyata keçirilir. İnsan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlıq ildən-ilə gücləndirilir, ölkəmizin mövqeyinin qorunması üçün gərəkən addımlar atılır, mütərəqqi beynəlxalq təcrübə öyrənilir.
– İnsan alverinə qarşı mübarizədə hökumət-QHT münasibətləri necə qurulub? QHT-lərin bu sahədə töhfələri nədən ibarətdir?
– Digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası mövcuddur. Koalisiyada 45 təşkilat təmsil olunur. Hər bir üzv təşkilat insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşıb, böyük təcrübəyə sahibdir. Həm Daxili İşlər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi insan alverinə qarşı hazırlanmış layihələrin icrasına kifayət qədər dəstək verirlər. Bu da QHT-lər üçün böyük imkanlardır. DİN rəhbərliyinin tapşırığı ilə müxtəlif qeyri-hökumət təşkilatlarına sığınacaqların saxlanılması üçün dəstək verilir. Sığınacaqların salınması, standartlara uyğun qurulması, təhlükəsizliyinin təmin edilməsi Nazirliyin diqqətindədir. QHT Koalisiyasındakı təşkilatlar öz fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi daim qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında onlara lazımi köməkliyi göstərir.
– Sədri olduğunuz İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verərdiniz…
– Rəhbəri olduğum təşkilat 2004-ci ildə təsis olunub və artıq 21 ildir ki, insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçirir. Bizim təşkilat bu illər ərzində həm DİN-in, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə müxtəlif layihələr həyata keçirib. Ərsəyə gətirdiyimiz 6 bölmədən ibarət “İfşa” və 10 bölümdən ibrət “İfşa-çətin hədəf” serialı Azərbaycanda insan alverinə qarşı çəkilmiş yeganə serialdır. Bu filmlər ATV və ARB kanallarında nümayiş etdirilib. Xarici mətbuatda da bu seriallar barədə məlumatlar gedib. Ölkəmizdə fəaliyyət göstərən bir çox xarici ölkə səfirləri də bu seriallara baxdığını və çox bəyəndiklərini qeyd edib. Seriallarda Azərbaycan polisinin insan alverinə qarşı cəsarətli mübarizəsi öz əksini tapıb. Eyni zamanda təşkilatımız insan alverindən bəhs edən ondan çox video-çarx və qısametrajlı filmlər də çəkib. Həm telekanallarda, həm də sosial şəbəkələrdə maraqla izlənilən bu filmlər insan alverinə qarşı mübarizədə çox təsirli silahdır.
– Azərbaycan hökuməti insan alveri ilə mübarizədə beynəlxaq təşkilatlarla necə əməkdaşlıq edir və həmin təşkilatlar hökumətin fəaliyyətini necə qiymətləndirirlər?
– Azərbaycan hökuməti insan alverinə qarşı fəaliyyət planını qanunvericiliyi beynəlxalq təcrübəyə əsaslanaraq hazırlayıb. Qoşulduğumuz beynəlxalq konvensiyaların müddəalarına ölkəmizdə tam əməl olunur. Beynəlxalq təşkilatlar, xüsusilə də ABŞ Dövlət Departamenti, səfirliklər Azərbaycanda insan alverinə qarşı mübarizəni yüksək qiymətləndirirlər. Təəssüflər olsun ki, bu sahədə də bəzən ikili yanaşmalarla rastlaşırıq. Azərbaycanda insan alverinə qarşı aparılan mübarizə dünyanın heç bir ölkəsində yoxdur. Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyəti ilə səmimi, sıx əməkdaşlıq qurub.