“Vaşinqtonun İrana qarşı başladığı sanksiya dünya miqyasında geniş dəstək qazana bilməyəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında avqustun 6-dan başlayaraq ABŞ-ın Tehrana qarşı yeni ikimərhələli sanksiyalara başlamasına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib.
Politoloq düşünür ki, İran səhvə yol verməsə sözügedən embarqoya tab gətirəcək:
“ABŞ hökumətinin İrana qarşı embarqoya başlaması Ağ Evin qaba, mədəniyyətsiz, beynəlxalq hüquqa, bəşəriyyət və insaniyyətə zidd siyasətinin ən parlaq sübutudur. Bir neçə il öncə İranla bağlı beynəlxalq hüquq əsasında müqavilə imzalandı və BMT Təhlükəsizlik Şurasında qeydiyyatdan keçdi. Hansı ki, prosesə xeyli sayda nüfuzlu dövlətlər qatılıb. Amma hansısa bir ABŞ prezidenti gələrək İsrail kimi dövlətin təhrikilə həmin müqaviləni ləğv edir və beynəlxalq miqyasda yenidən dərin siyasi böhran yaradır. Bu isə imperialist siyasət, bəşəriyyətə meydan sulamaq deməkdir.
İrana gəldikdə, bu ölkə 1979-cu ildən bəri onsuz da cəza tədbirləri çərçivəsində fəaliyyət göstərir. Düzdür, İranın ciddi problemləri var, son sanksiyalar fonunda vəziyyət daha da çətinləşəcək. Amma Tehran rejimi buna baxmayaraq duruş gətirir, onun cəmiyyətdə dayağı kifayət qədər genişdir. Lakin Tehran səhvə yol versə, xalqına həddən artıq yuxarıdan baxaraq onların dəstəyini itirsə, onda bu sanksiyalar fonunda hər şey ola və rejim daxildən çökə də bilər. Hələlik isə İslam rejimi duruş gətirir. İranın Çin, Rusiya, Türkiyə və Avropa kimi ticarət üzrə şərikləri var. Onlar isə ABŞ-ın embarqo siyasətinə dəstək vermədiklərini bəyan edirlər. Hələlik, ABŞ bu mənada onlara da təzyiq edir ki, sözügedən sanksiyalara qoşulsun. Bunun alınıb-alınmayacağı hələ bilinmir. Amma əminəm ki, Vaşinqton Çin və Rusiyanı öz sanksiya siyasətinə qoşulmağa qətiyyən məcbur edə bilməyəcək. Türkiyə və Azərbaycana gəldikdə, bu ölkələr də indidən bəyan edib ki, ABŞ-ın sanksiyasına qoşulmayacaqlar. Belə olan halda ABŞ bu sanksiyalarda dünya miqyasında geniş dəstək ala bilməyəcək. Bir sözlə, ABŞ etimadsızlıq rəmzidir”.
Qeyd edək ki, bu gündən etibarən ABŞ-ın İrana qarşı yeni ikimərhələli embarqosuna start verilib. Embarqo çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.
ELÇİN
www.yenicag.az