İyunun 28-i İranda növbədənkənar prezident seçkiləri keçiriləcək. 6 namizəd arasında yüksək reytinqi ilə seçilən 3 şəxs var, İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İran parlamentinin deputatı Məsud Pezeşkian.
Azərbaycanlı namizəd Məsud Pezeşkianın prezident olması ehtimalı Tehranın Bakı ilə münasibətlərdə yeni dövrünün başlayacağı kimi xarakterizə edilir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, hazırda diqqət mərkəzində olan 3 namizəd olsa da, əsas mübarizə İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arasında olacaq.
“İran Parlamentinin deputatı Məsud Pezeşkian ötən prezident seçkilərində hicab məsələsi ilə bağlı mövqeyinə görə proseslərdən kənar saxlanılıb. İndiki seçkilərdə isə onun iştirakı daha çox türk olması faktı ilə əlaqəlidir. Çünki Azərbaycan türkləri rejimin bu tip siyasi oyunlarında çox zəif iştirak edirlər. Bu, Güney Azərbaycan türklərinin seçki nəticəsinin milli haqlarının təmin olunmasına müsbət təsiri olmayacağını bilmələri ilə bağlıdır”, – deyə siyasi şərhçi qeyd edib.
Əlavə olaraq, Sədrəddin Soltan bildirib ki, İranda prezident aparıcı fiqur olmadığına görə azərbaycanlılar yeni gələcək şəxsdən əlini çoxdan üzüblər:
“Prezident İranda ikinci şəxsdir. Ölkənin başçısı ali rəhbərdir. Yəni prezident, parlament, məhkəmə ali rəhbərliyin “ağzına baxır”. Bu fonda İran-Azərbaycan münasibətləri də veriləcək tapşırıqlardan asılıdır. Yəni xarici siyasətin formalaşdırılmasında prezidentin varlığı və yoxluğu heç bir əhəmiyyət kəsb etmir”.
Nəsimi Ələsgərli
www.yenicag.az