Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, cari ilin avqust ayında Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kq 265 qram tiryək, 156 qram heroin və 107 qram metamfitamin narkotik vasitələri aşkarlanaraq götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb, təqsirləndirilən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları – 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Sentyabrın 18-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin mühəndis çəpərinin üzərindən 4 ədəd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlayıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilmiş və o, şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirib. B.Əliyevanın evinə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 2 kq 245 qr olan heroin narkotik vasitəsi aşkarlanaq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az