İranın arxasındakı "qalxan" çökür? – "Çin hərbi yardımı kəsə bilər"
“ABŞ İrana dəstək verməməsi üçün Çindən razılıq alıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq iddia edib ki, Donald Trampın Çin səfəri zamanı Si Cinpinlə keçirilən görüşdə Pekinin İranla mümkün hərbi qarşıdurmada Tehrana yardım etməməsi barədə razılıq əldə olunub:
“Trampın Çin səfərində İran məsələsi əsas danışıq predmeti olub. Tərəflər Hörmüz boğazının hazırkı statusu və İrana silah ötürülməməsi ilə bağlı ortaq məxrəcə gəliblər. İki ölkə arasında iqtisadi əlaqələr qorunub saxlanılacaq, ticarət inkişaf etdiriləcək, lakin İranla bağlı fundamental problemlər hələ də qalmaqdadır. Çin Amerikanın nüvə silahı ilə bağlı mövqeyini dəstəkləsə də, hər bir halda İrandan ABŞ-a qarşı təzyiq rıçağı kimi istifadə edəcək. Hesab edirəm ki, Tehran Vaşinqtonun tələblərinə əməl etməsə, blokada davam edəcək və növbəti mərhələdə İrana qarşı hərbi əməliyyatların keçirilməsi istisna deyil. Hazırda SEPAH öz mövqelərini hər gün daha da gücləndirir, Çin isə dolayı yolla İrana dəstəyini sürdürür”.
M. Əsədullazadə qeyd edib ki, Çin mümkün müharibədə hərbi yardımı dayandırsa belə, İranın tam məğlubiyyətinə seyirci qalmayacaq:
“Mümkündür ki, Çin İrana müəyyən mənada hərbi dəstəyi kəssin, lakin onun tam məğlub olmasına imkan verməyəcək. Çünki Pekin mövcud rejimin qalmasında maraqlıdır”.
Nurlan Cəfəri












