İranın Hörmüz manevri: Tehran internet kabelləri və neft boğazı ilə Trampı masaya oturtmaq istəyir

media-hightechnic-468x90

“İran Hörmüz boğazından keçən internet kabellərinə nəzarət etməklə siyasi manevr edir.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

Politoloq İranın xarici işlər naziri Abbas Əraqçının bugünkü açıqlamasında Amerika ilə daimi sülh razılaşmasından dərhal sonra Hörmüz boğazını açmağa hazır olduqlarını bəyan etməsini şərh edib.

“İran sülhdən öncə Hörmüz boğazını açarsa, kim bundan yararlana bilər?” sualına cavabında Ramiyə Məmmədova qeyd edib ki, belə bir ssenaridə ABŞ danışıqlar masasında üstünlük əldə edəcək, lakin hazırda bunun reallaşması real görünmür:

“İlk növbədə onu deyə bilərəm ki, Hörmüz boğazının bağlı qalması və ABŞ-ın İran limanlarını blokadaya alması İran iqtisadiyyatına çox ağır zərbə vurur. Hörmüz boğazı qlobal yanacaq təminatının təxminən 20%-ni təşkil edir. İranın bu boğazdan gəlirlərinin kəskin azalması ölkə iqtisadiyyatında dərin izlər qoyur. Məsələ burasındadır ki, hazırda Tehranın qlobal güc nümayişi və rıçaqları məhz Hörmüz boğazından asılıdır. Əgər İran iki ölkə arasında müharibə tam bitmədən və daimi sülh əldə olunmadan boğazı açarsa, bu qərardan ən böyük zərəri elə özü görəcək. Belə bir halda İran boğaz üzərindəki nəzarətini hazırkı səviyyədə saxlaya bilməyəcək və daha ciddi iqtisadi çətinliklərlə üz-üzə qalacaq. Ona görə də, rəsmi Tehran sona qədər müqavimət göstərməli və Vaşinqondan istədiklərini qoparmalıdır. Əks halda, gəmilərin boğazdan rahat keçidi təmin olunarsa, danışıqlar masasında üstünlük tamamilə Amerikanın tərəfinə keçəcək.”

Politoloq vurğulayıb ki, İran özü də boğazın açılmasında maraqlıdır, lakin bu proses qarşılıqlı güzəştlər əsasında baş verməlidir:

“Əraqçının boğazı yalnız sülh qarşılığında açmağa razı olduqlarını bildirməsi tamamilə siyasi motivlərə söykənir. Bu açıqlama ilə Əraqçı Amerikaya müharibənin bitməsi və ortaq məxrəcə gəlinməsi üçün açıq mesaj göndərir. Dünya iqtisadiyyatının bu böhrandan xilas olması üçün boğazın açılması mütləqdir. Digər tərəfdən, Hörmüz boğazının dibindən keçən strateji internet kabelləri də İranın nəzarətindədir və Tehran rəsmiləri artıq bunu açıq şəkildə dilə gətirirlər. Onlar bir çox ölkələrdə internetin zəiflədiyini qeyd edirlər ki, bu barədə dünya mətbuatında da müəyyən xəbərlər tirajlanır. İran bütün bu amillərdən özü üçün güclü təzyiq aləti kimi istifadə edir və Tramp administrasiyasını onunla ortaq məxrəcə gəlməyə məcbur etməyə çalışır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05