İranın nüvə arxivi necə oğurlandı? – Məşhur kəşfiyyatçının dilindən ANBAAN Fəxri Zadə sui-qəsdi – II Yazı
Ərəblərin məşhur “Aş-Şərq əl-Əvsat” qəzeti İsrail kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohenin kitabı haqqında üç hissədən ibarət geniş bir təhlil dərc edib.
Yenicag.az xəbər verir ki, kitabın ivrit dilindəki adı “Tələlərlə sənə müharibə hazırlayırlar”, ingilis dilində isə “Azadlıq qılıncı: İsrail, MOSSAD və gizli müharibə” adlanır.
Dünən həmin məqalənin birinci hissəni təqdim etmişdik. Bu gün isə ikinci yazını təqdim edirik.
Bugünkü bölüm Tehranın mərkəzindən İranın nüvə arxivinin oğurlanması və İranın aparıcı nüvə alimi Möhsin Fəxri Zadənin qətlə yetirilməsi ilə bağlı təfərrüatları əhatə edir.
MOSSAD İranın qəlbində
Nüvə arxivinin oğurlanması məsələsi, Kohenin MOSSAD rəhbəri kimi əldə etdiyi ən böyük uğur hesab olunur. O belə böyük, mürəkkəb, son dərəcə həssas və riskli bir əməliyyata rəhbərlik etməsini öz liderlik nümunəsi kimi təqdim edir. Kohen üçün bu, həyatının layihəsi və gələcəkdə siyasətə girəcəyi halda, onu baş nazirlik vəzifəsinə aparacaq bir pillə kimidir. Bu hadisəni izah edərkən o, kitabda geniş yer ayırır və bir neçə fəsildə yenidən ona qayıdır.
Kohen bildirir ki, 2016-cı ildən etibarən Tehrandakı nüvə arxivinin oğurlanması qərarı verildi. O deyir ki, bu qərar İran daxilində təxminən on illik fəaliyyətin nəticəsi olaraq qəbul edilib. Onun sözlərinə görə, kişi və qadınlardan ibarət MOSSAD hücrəsi İran torpaqlarında addım-addım böyüyərək işləməyə başlayıb və nəhayət, Tehrandakı hakimiyyət sisteminə qədər sızmağa nail olub.
O, çox detal vermir, amma bunu belə bir misalla izah edir:
“Əgər sən rejissor olub bu sızma haqqında yeni bir film çəkmək istəsən, ssenarini necə qurardın?”
Bununla Kohen İran tərəfinin bu iddiasına cavab verir: guya İsrail İranı agentlərlə deyil, yalnız yüksək texnologiya ilə sızıb. Kohen deyir ki, bəli, texnologiya və süni intellektdən istifadə olunub, amma insan faktoru olmadan İsrailin İran əməliyyatlarının heç biri uğurlu ola bilməzdi.
Kohen əlavə edir ki, Son dərəcə gizli şəkildə çalışan nüvə alimi, əslində, düşməninin Natanz nüvə mərkəzinin içərisinə qədər agent yerləşdirdiyini bilmirdi. O mərkəz min hektarlıq ərazini əhatə edir və yerin 8 metr dərinliyində yerləşir.
Kohen hekayəsini belə davam edir:
“O deyir ki, özünü “Oscar” adlı Livanlı vəkil və iş adamı kimi təqdim etməklə bir sıra iranlı agentləri cəlb etməyə nail olub. Onun tora saldığı adamlardan biri də İranın nüvə layihəsinə rəhbərlik edən və 2020-ci ildə İranın mərkəzində qətlə yetirilən alim Möhsin Fəxri Zadənin köməkçisi olan nüvə mütəxəssisi idi”.
Kohen qeyd edir ki, Qərb kəşfiyyatı uzun müddət Fəxri Zadənin əhəmiyyətini “ikinci dərəcəli şəxs” kimi qiymətləndirirdi. Lakin İrandan oğurlanan nüvə arxivi, əslində, onun İranın nüvə proqramının bir nömrəli beyni olduğunu üzə çıxardı.
Kohen Fəxri Zadənin köməkçisinə kitabda “Fərid” adını verir. Onun sözlərinə görə, Fərid ona uranı zənginləşdirmək üçün istifadə olunan sentrifuqa cihazlarının hazırlanması barədə hesabat gətirib. Bu hesabatdan aydın olub ki, həmin bilik və təcrübənin əsas mənbəyi Pakistandır, Qərbdə güman edildiyi kimi Şimali Koreya deyil.
Kohen daha sonra İran ərazisində fəaliyyət göstərən MOSSAD şəbəkəsindən danışır. Onun dediyinə görə, bu şəbəkənin sayı çox böyük idi, illərlə gizli şəkildə fəaliyyətdə olub və İran kəşfiyyatı bunu aşkar edə bilməmişdi. Bu şəbəkədə yüksək vəzifəli məmurlar, universitet müəllimləri, mühəndislər və müxtəlif peşə sahibləri yer alırdı.
Kohen Fəxri Zadənin necə qətlə yetirildiyini də izah edir. Onun sözlərinə görə, bu əməliyyata aylarla hazırlıq aparılmışdı, çünki əvvəlcə Fəxri Zadənin nüvə layihəsinin əsas rəhbəri olduğuna tam əmin olmaq lazım idi.
O yazır:
“Silah və avadanlıqları İran ərazisinə tədricən, hissə-hissə daxil etmək lazım idi. Bunlar öz-özünə işləyə bilən avtomatik silahlar idi. Uzaqdan idarə olunan, süni intellektlə işləyən kompüterə bağlı bir pulemyot… Bütün komplektlə birlikdə çəkisi ən azı bir ton idi. Bunu hissə-hissə, müxtəlif qaçaqmalçılıq yollarını dəyişdirərək gizlincə ölkəyə keçirmək mümkün oldu ki, İran tərəfindən aşkar edilməsin”.
Kohen əlavə edir:
“Bütün hissələr İran daxilində yenidən yığıldıqdan sonra onlar əməliyyatın keçiriləcəyi yerə daşınmalı idi. Silah yük maşınının şassisinə yerləşdirilmişdi və öz izlərini tamamilə silmək üçün özünü məhv edən mexanizmlə təchiz olunmuşdu”.
Fəxri Zadə, adətən, uzun avtomobil karvanı ilə səfər edirdi. Lakin cümə günləri mühafizəçiləri müşayiəti cəmi beş maşına qədər azaldırdılar. Bundan başqa, o, təkid edirdi ki, maşını özü idarə etsin.
Onun sürdüyü avtomobil qara rəngli “Nissan Teana” ailə maşını idi. Bu maşın nə zirehli idi, nə də pəncərələrində gülləkeçirməz şüşə var idi.
İranda fəaliyyət göstərən MOSSAD hücrəsi xəbər verir ki, karvan yola düşüb. Agentlər – həm iranlılar, həm də əcnəbilər dərhal müxtəlif istiqamətlərə səpələnirlər.
Adət üzrə, mühafizə maşınlarının birincisi yüksək sürətlə irəli gedir ki, yolu yoxlasın. Sonra isə sürəti azaldır ki, karvan ona çatsın. Fəxri Zadə də sürəti azaltmağa məcbur olur və beləliklə, küçədə heç bir maneə olmadan MOSSAD-ın dəqiq planlaşdırdığı nöqtəyə çatır.
Uzaqdan – snayperin yerləşdiyi yerdən, bütün əməliyyat Tel-Əvivə canlı yayım vasitəsilə ötürüldüyü zaman atəş açılır.
Fəxri Zadənin maşını dayanır. O özünü qorumaq üçün qapının arxasına keçərək maşından düşür. Snayper atəşi davam etdirir. 15 güllə onu ağır yaralayır. Nəticədə o həyatını itirir.
Maşında onun yanında olan həyat yoldaşı isə bir cızıq yarası belə almır. O, maşından çıxıb ərinin yanına qaçır və onun başını qucaqlayır.
Tel-Əvivdəki israilli izləyicilər bütün bu mənzərəni canlı yayımda görürlər:
– Hər şeydən xəbərsiz qalan mühafizəçilər pərişan halda hadisə yerinə qaçırlar,
– Bir-birilərinə qışqırırlar, qarışıqlıq yaranır,
– Onları yalnız bir şey susdurur:
Planlaşdırılmış özünü-məhvetmə mexanizmi ilə təchiz edilmiş yük maşınının partlayışı.
Yük maşını onlardan bir neçə metr aralıda idi və partlayış bütün izləri yox etmək üçün nəzərdə tutulmuşdu.
Bu hadisədən dərhal sonra İranda kəşfiyyat və İnqilab Keşikçiləri arasında daxili müharibə başlayıb:
“Bu kəşfiyyat sızmasına kim cavabdehdir?”
Nüvə arxivinin oğurlanması
Kohen yenidən nüvə arxivinin oğurlanması mövzusuna qayıdaraq bildirir ki, İran daxilində fəaliyyət göstərən MOSSAD qrupu arxivə hücum edib onu ələ keçirməyə tam hazırlaşdığı anda İran hakimiyyətinin arxivi 3 yük maşını ilə başqa bir binaya – Tehranın Şahrabad məhəlləsinə köçürdüyünü aşkar edib. Bu, 2017-ci ilin yanvarında baş verib.
Bu səbəbdən Kohen planı tamamilə yenidən qurmağa məcbur olub və yeni müşahidə bazası təşkil edib.
O izah edir ki, belə bir əməliyyat yüzlərlə nəfərin iştirakını tələb edirdi:
- Ərazini aylarla izləyən müşahidəçilər – təkcə arxivin saxlandığı binanı deyil, bütün məhəlləni izləyirdilər ki, sakinlərin davranışlarını öyrənsinlər və xaricdən gələn təhlükəni vaxtında seçə bilsinlər;
- MOSSAD üçün xüsusi yedək maşınları ilə gizli məntəqələrdə yerləşdirilmiş qruplar;
- Gizli və güclü mühafizə olunan yerlərə daxil olmaq üzrə ixtisaslaşmış peşəkar komanda;
- 32 ədəd kassanın kodlarını qırmaq üçün mütəxəssislər;
- Təhlükəsizlik qrupları;
- Logistika qrupları – əməliyyat ifşa olunsa vəziyyəti idarə etmək üçün;
- Xüsusi avadanlıqlar, daşıma cihazları və siqnal pozucu qurğular.
Kohen açıqlayır ki, əməliyyatda istifadə olunan vasitələrdən biri 6 metr hündürlüyündə böyük kran olub.
O əlavə edir ki, komanda İranda bu əməliyyatın bütün mərhələlərini sınaqdan keçirmək üçün təlim poliqonu da qurub. Qrup üzvlərinin bir hissəsi təlimlər zamanı bacarmadığı üçün əməliyyatdan kənarlaşdırılıb.
Burada Kohen əməliyyatdan sonra iranlıların necə davrandığını danışır və deyir:
“Arxivlə birlikdə bölmə ərazidən çıxandan sonra da biz həmin yeri izləməyə davam edirdik. İranlıların necə şok olduqlarını və isterikaya düşdüklərini görürdük. Onlar on minlərlə polis, kəşfiyyat əməkdaşı və İnqilab Keşikçilərini səfərbər etdilər ki, bizim qüvvəmizi tapsınlar – bu qüvvə müxtəlif millətlərdən olan cəmi 25 nəfərlik bir qrup idi. Hər yerdə nəzarət-keçid məntəqələri qurdular, avtomobil yollarını və hava hərəkətini dayandırdılar. Sonradan öyrəndik ki, ali rəhbər Əli Xamenei arxivin oğurlanmasını milli fəlakət hesab edib”.
Kohen deyir ki, israilli qrup səhər saat 5-dən 7-yə qədər olan iki saatlıq vaxtdan gizlənmək üçün istifadə edib. Onun sözlərinə görə, əməliyyatdan dərhal sonra qrup Tehranın müxtəlif bölgələrinə səpələnib: bir qismi əvvəlcədən hazırlanmış mənzillərdə gizlənib, bir qismi dərhal ölkədən çıxıb, qalanları isə İranın bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, sonradan qaçaq şəkildə ölkədən çıxarılıb.
MOSSAD-ın keçmiş rəhbəri bildirib ki, əməliyyat başa çatan kimi – cəmi bir dəqiqə sonra o, Netanyahuya məlumat verib. Daha sonra Netanyahu ABŞ-nin Dövlət katibi Mayk Pompeoya (keçmiş CIA rəhbəri) zəng edib. Pompeo belə deyib:
“Bu, kəşfiyyat tarixində ən cəsarətli əməliyyatlardan biridir.”
Bundan sonra Netanyahu prezident Donald Trampa zəng edərək İranın nüvə arxivinin oğurlandığını ona bildirib.
Sonra arxiv materiallarının surətləri 36 səhifəlik izahlı hesabatla birlikdə ABŞ, Britaniya, Rusiya, Fransa, Almaniya, Çin kəşfiyyatlarına və Beynəlxalq Atom Enerjisi Agentliyinə təqdim olunub. Bu sənədlər İranın nüvə layihəsinin həqiqi mahiyyəti barədə şübhələri tamamilə aradan qaldırırdı.
30 aprel tarixində Netanyahu “İran yalan danışır” başlıqlı mətbuat konfransı keçirərək əməliyyatı rəsmi şəkildə elan edib.
Konfransdan 8 gün sonra isə Donald Tramp İranla nüvə sazişini ləğv etdiyini açıqlayıb.












