"ChatGPT"stansayağı idarəçilik: Beynini süni intellektə “icarəyə verənlər” - Aqil Ələsgər yazır
Artıq neçənci dəfədir, qocaman şirkətlər, banklar, hətta dövlət qurumları süni intellektin səhvinin qurbanına çevrilirlər. Ya ay-ulduzumuzun bir qulağını yeyirlər, ya Milli Qəhrəman deyə qarşımıza hansısa aktyorumuzu çıxarırlar. Süni intellektin Qurban Qurbanovla Neftçi Qurbanı qarışdırması, ya da bizim bayrağımızla Yeni Kaledoniyanın bayrağını səhv salması normaldır. Adı üstündə, süni intellektdir.

Bizim beynimizdə üç-beş məsələ olanda qarışır, bunun başındakı milyardlarla bilgi niyə bir-birinin qarnına girməsin? Ona görə Mikayıl Cabbarovla bağlı suala Mikayıl Müşfiqli cavab verməsində eyib axtarmamaq lazımdır. Dərd “ChatGPT” və ya “Gemini”də deyil, “Grok”da heç deyil. Məsələ az qala öz adını belə süni intellektdən soruşan, ondan asılı qalan zümrənin gün keçdikcə artmasında, “ChatGPT” jurnalistlərinin günü-gündən çoxalmasındadır.
Bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin bir idarəsində süni intellektə qadağa qoyulması xəbərini eşidib gülmüşdük. Əslində, o qurumun rəhbərini təbrik etmək lazımdır. Ən azından işçilərinin asana qaçmaq yerinə, beyinlərini işlətmələri üçün bir çıxış yolu tapıb. Hər nə qədər uğurlu olub-olmaması ikinci dərəcəli məsələdir, əsas odur, cəhd edib. Daha Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət İdarəsi kimi illərin qurumunun etdiyi biabırçılığı edib Milli Qəhrəmanla tanınmış aktyoru səhv salmayıblar.
Təəssüf ki, bu gün dövlət qurumlarında çalışan innovativ məmurların əksəriyyəti yuxarıda qeyd etdiyim kimi, adlarını belə “ChatGPT”dən soruşurlar. Məsələn, rəhbəri filan şəxslə bağlı sual verdiyi zaman onu canlı insandan soruşmaq barədə düşünmürlər. Birbaşa “ChatGPT”yə sarılırlar. Vay o gündən ki, “ChatGPT” Cavid Qurbanovla Hüseyn Cavidi qarışdırdığı kimi, adamları da qarışdırsın, sağ-salamat adamın 37-ci ildə güllələndiyinə dair məruzə etməsələr, adımı dəyişərəm.
Acıdır, ancaq duyarsız, emosiyasız, robota çevrilən nəsillə bağlı narahatlığımızı dilə gətirəndə bu günü görüb danışırdıq. Təəssüf ki, vaxtilə FETÖ-nün Azərbaycanda yetişdirməyə çalışdığı nəsil artıq yetişib və düşünməyən, süni intellektdən asılı olan və robot kimi əmrlər yerinə yetirən təhlükəli nəsil ilə üz-üzəyik. Tam məsuliyyətimlə deyirəm ki, sabah hansısa dövlət qurumuna müraciətiniz zamanı sizin, əslində, 1945-ci ildə, anadan olmadan öncə öldüyünüzü desələr, təəccüblənməyin. Çünki “ChatGPT” qarşılarına nə qoyursa, heç bir əlavə etmədən onu Quran ayəsi kimi qəbul edən bir nəsil formalaşıb.
Dövlət qurumlarından danışarkən medianı da unutmamaq lazımdır. Təəssüf ki, mediada da durum fərqli deyil. Bir il öncəyə qədər yarım səhifəlik yazısını ortaya qoya bilməyənlərin bu gün az qala əsər yazdıqları dönəmə gəlmişik. Mətbuatdakı fəaliyyəti hansısa tədbirlərdə gün keçirtmək olanların bu gün intellektual məqalələri ilə tanış olanda bu lal-cövhərin indiyə qədər niyə torpaq altında qalması ilə bağlı sual gəlir insanın ağlına. Sonra yadına düşür ki, bir-iki il əvvələ qədər “ChatGPT” o qədər inkişaf etməmişdi. Yəqin ki, bir qədər sonra bu “qələm sahibləri”nin başqa mərifətlərinin də şahidi olacağıq. “ChatGPT”nin imkanları daxilində…
Qısa haşiyə: Əvvəllər Azərbaycan Nəşriyyatının kafesində iki-üç savadlı insan olurdu və qəzeti-jurnalı olub, yazmaqdan bir nəsnə anlamayanlar onlara üz tuturdular. Onlar da ogünki ehtiyaclarına görə qiymət deyib istədikləri yazını verirdilər. Allah qəni-qəni rəhmət eləsin Səbuhi Məmmədliyə. O da bekar olanda o tərəflərdə fırlanırdı və hansısa rayonun inkişafı ilə bağlı yazını bir neçə adama sadəcə rayon adı dəyişərək verdiyini anladıb gülərdik. İndi “ChatGPT” o yazmağı bacaran azsaylı adamların da çörəyinə bais olub. Əvəzində “ChatGPT” jurnalistikası ortaya çıxıb.
Ancaq görünən odur ki, keyfiyyət yerinə, ucuz kəmiyyəti seçənlər üçün dəyişən bir şey yoxdur… Çox da dövlətin özü araşdırma, təhlil istəyir, əsas ucuz keyfiyyət olsun, gerisi “ChatGPT” də olsa, olar…
Aqil ƏLƏSGƏR












