İsrail İranın təhlükəsizlik sisteminə necə sızdı? – Sabiq MOSSAD şefinin kitabından SENSASİYALI SEÇMƏLƏR – I Yazı
Yossi Kohen: Argentina əsilli bir tacir, İsrail kəşfiyyatına (MOSSAD-a) Livandan bir adam tapıb onları İmad Muğniyəyə aparan yola çıxardı.
Ərəblərin məşhur “Aş-Şərq əl-Əvsat” qəzeti İsrail kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohenin kitabı haqqında üç hissədən ibarət geniş bir təhlil dərc edib.
Yenicag.az xəbər verir ki, kitabın ivrit dilindəki adı “Tələlərlə sənə müharibə hazırlayırlar”, ingilis dilində isə “Azadlıq qılıncı: İsrail, MOSSAD və gizli müharibə” adlanır.
“Bir neçə ay əvvəl Nyu-Yorkda iş səfərindən qayıdırdım və adət üzrə təyyarənin uçuşu yenə gecikmişdi”, – deyə MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohen sentyabr ayının sonunda çıxan kitabında yazır.
“Oturma zalında məşhur bir İsrail universitetinin (kitabın son fəslində bunun Hayfa Universiteti olduğunu təsdiqləyir) tanınmış professorunun yanında əyləşmişdim. Biz bir-birimizi adla tanıyırdıq, amma ilk dəfə idi, üz-üzə gəlirdik. Aramızda gözəl, mədəni və siyasi bir söhbət başladı.
Professor söhbət zamanı xüsusi olaraq mənə “sağçı general” olduğumu dedi və əlavə etdi:
“Biz tamamilə fərqliyik. Sən çox sağçısan, mən isə çox solçu. Mən sülh tərəfdarıyam, yəhudi-ərəb birgə yaşayışının tərəfdarıyam. Tələbələrimin çoxu ərəblərdir”.
Mən ona izah etməyə başladım: “Mən sağçı liberalam. Amma hər şeydən əvvəl inanclı bir yəhudiyəm, vətənpərvər bir israilliyəm və sadiq sionistəm. Amma, eyni zamanda, həqiqi demokratam. Mən ərəblərdən nifrət etmirəm, hətta məndən nifrət edənlərdən də. Amma dövlətimi və varlığımı yox etmək istəyənlərin başını kəsməyə hazıram. Bununla yanaşı, Nelson Mandela, Martin Lüter Kinq və Mahatma Qandiyə böyük heyranlığım var”.
Beləcə söhbətimiz davam etdi. Nəhayət professor mənə dedi: “Yossi, sən baş nazir olmalısan”. Mən isə cavab verdim: “Bəs sən mənimlə gələcəksən?“ O isə gülərək dedi: “Əlbəttə ki, yox. Arvadım məni öldürər”.
“Yossi, sən MOSSAD-ın rəhbəri olmalısan”
Bundan təxminən 30 səhifə əvvəl Kohen öz həyatından başqa bir hadisə danışır. Bu hekayəni o, həyat yoldaşı Ayaya danışdığını qeyd edir və deyir ki, o, təhlükəsizlik qurumunun ağır “gizlilik testindən” keçərək “sirr saxlaya bilən” biri kimi qiymətləndirilib. Buna görə də MOSSAD zabitinin həyat yoldaşı olmağa tam uyğundur. Kohen yazır: “Onun mənə dediyi söz belə oldu: “Yossi, sən MOSSAD-ın rəhbəri olmalısan”.
Və əlbəttə ki, Kohen bu qurumun – İsrailin ən mühüm təhlükəsizlik orqanlarından birinin rəhbəri oldu.
İran və onun bölgədəki müttəfiqləri ilə son qarşıdurmada, onun İranın daxilində böyük agent şəbəkələri yerləşdirməkdə nə qədər uğur qazandığı ortaya çıxdı. Bu agentlər çox dəqiq əməliyyatlar həyata keçirdilər, İranın nüvə proqramı və İnqilab Keşikçiləri Qvardiyasının rəhbərləri haqqında qiymətli məlumatlar topladılar. Bu əməliyyatlar Kohenin nüfuzunu daha da artırdı və xüsusilə Qərb kəşfiyyat dairələrində onun adını parlaq bir fiqura çevirdi.
Kohen siyasətə girmək istəyir?
Kitab çap olunduqdan sonra bir çox analitiklər dərhal belə şərh verdilər ki, bu kitab Kohenin gələcəkdə baş nazirlik yolunda özünə “qırmızı xalça” sərmək cəhdidir. Bu, bəlkə də, onun təbii siyasi ambisiyasıdır, bəlkə də, yüksək dərəcədə eqoizm göstəricisidir. Amma bir həqiqət var ki, kitab İsrailin kəskin liderlik böhranı yaşadığı bir zamanda ortaya çıxıb.
Kitabdakı hər bir söz sanki Kohenin gələcəkdə siyasətə girmək istədiyi halda, onun üstünlüklərini və şəxsi keyfiyyətlərini ön plana çıxarmağa xidmət edir. O, öz bioqrafiyasından danışanda özünü “dini sionizmin övladı” kimi təqdim edir – bu, sağçı elektoratı cəlb edir. Vətən üçün fədakarlığından danışması isə orta və soldakı israillilərə xitabdır. Gördüyü böyük və təhlükəli əməliyyatlardan bəhs etməsi gənclərin diqqətini çəkir. Mossadın uğurlu əməliyyatlarını qabartması isə 7 oktyabr 2023-də baş verən və HƏMAS-ın 11 hərbi baza və 22 yaşayış məntəqəsini ələ keçirməsi ilə nəticələnən ağır uğursuzluqları balanslaşdırmaq üçündür.
Kitabın bütün bölmələrində Kohen İsrailin yeni bir liderə ehtiyacı olduğunu vurğulayır, elə bir lidərə ki, şəxsi maraqlardan çox milli maraqları üstün tutacaq, xalqı birləşdirəcək və daxili parçalanmanı aradan qaldıracaq. O, MOSSAD-ın hekayələrini nümunə kimi göstərərək demək istəyir ki, belə lider məhz özüdür.
O özünü “şeytani dərəcədə ağıllı” planlar qura bilən, uzaqdan böyük agent şəbəkələrini hərəkətə gətirə bilən güclü və idarəçi bir şəxsiyyət kimi təsvir edir. Özünü həm də fədakar, riskdən qorxmayan, düşmən sıralarında belə insanları özünə tabe edə bilən bir şəxs kimi göstərir.
Tramp Kohenə nə dedi?
Kohen danışır ki, bir dəfə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ona belə deyib: “Yaxşısanmı, Yaxın Şərqin ən güclü adamı?” Daha sonra o, Rusiya Prezidenti Vladimir Putinlə görüşünü nəql edir və onu “həmkarım” adlandırır, çünki hər ikisi kəşfiyyat orqanlarından gəlir. Kohen birlikdə işlədiyi amerikalı kəşfiyyat rəhbərlərindən sitat gətirərək deyir ki, onlar onu “ən böyük israilli vətənpərvər və Amerikanın ən böyük dostu” adlandırıblar.
Kohen kitabda yazır: “Həyat yoldaşım deyir ki, mən daha əvvəldən MOSSAD-a rəhbər olmaq hədəfini qoymuşdum. Amma mən bunu dediyimi xatırlamıram. Bununla belə, içimdə həmişə lider olmaq, hətta liderlərin də lideri olmaq istəyi vardı”.
O deyir ki, öz liderlik ruhunu İsrail tarixindəki üç siyasi fiqurdan götürüb:
- Dövlətin qurucusu və sosial-liberal xəttin təmsilçisi David Ben Qurion,
- Sağ sionizmin liderləri Zeev Jabotinski və Menahem Beqin,
- Bir təhlükəsizlik simvolu – MOSSAD-ın keçmiş rəhbəri Meir Daqan.
Kohen bununla sionist hərəkatın hər iki qanadının – həm sol-liberal, həm də sağ-sionist cinahın birliyini vurğulamaq istəyir, üzərinə də bir təhlükəsizlik generalının rolunu əlavə edir. Bu, bu gün İsraildəki siyasi ab-havaya uyğun bir mesajdır. İnsanlar artıq bitməyən mübahisələrdən yorulub və siyasətçilərdən birlik yaratmağı tələb edirlər.
Kohen deyir ki, general Meir Daqan ona çox güclü təsir göstərib. O izah edir ki, Daqanın ona öyrətdiyi ən mühüm prinsiplərdən biri belə idi:
“Düşməninə cərrah bıçağı ilə zərbə vurmalısan. Təhlükəsizlik orqanlarının vəzifəsi növbəti müharibəni mümkün qədər gecikdirməkdir, amma bu müddətdən istifadə edib gizli vasitələri çox dəqiq və yerli şəkildə tətbiq etməklə”.
İranın təhlükəsizlik cəbhəsindəki sızması…
Kohenin kitabında İran kəşfiyyatına sızılması mərkəzi mövzu kimi yer alır. O deyir ki, 2000-ci illərin əvvəlindən etibarən bu məsələ MOSSAD üçün birinci prioritet kimi müəyyən edildi və bu sahədə “heyrətamiz bir uğur” əldə olundu.
Həmin dövrdə İsrailin əlindəki məlumatlar göstərirdi ki, əvvəl Pakistan, sonra isə Şimali Koreya Tehrana nüvə sahəsində bilik və təcrübə ötürürdü. Bundan sonra MOSSAD rəhbəri Meir Daqan xüsusi yeni bir bölmə yaratdı və bu bölmənin vəzifəsi İranın nüvə proqramını və ballistik raket layihəsini ortaya çıxarmaq, onları zərərsizləşdirmək idi.
Bu bölmə fəaliyyətinə başlayandan sonra aşkar etdi ki, İran “Hizbullah”, HƏMAS və “İslami Cihad” kimi təşkilatlara dəstək verir. Beləliklə, bölmənin ilk işi “Hizbullah”ın içinə və İranın özünə “kəşfiyyatla yoluxdurulmuş” cihazlar və avadanlıq yerləşdirmək oldu (bunların bir hissəsi 2006-cı il müharibəsində istifadə edilib). Bundan başqa, İran və müttəfiqlərinə qarşı kibersilahlar tətbiq edildi.
Bu əməliyyatlar sayəsində bölmə bir sıra yüksək rütbəli hərbi rəhbərlərin və atom alimlərinin bütün fəaliyyətlərini izləyə bildi. Onların hər biri üçün ayrıca dosye hazırlandı – gündəlik vərdişləri, davranışları, getdiyi yerlər ən incə detallarına qədər qeyd edildi.
“Netanyahunun adamı” imicindən qurtulma cəhdi…
Kohen bu missiya ilə ən çox məşğul olan zabitlərdən biri idi və kitabının bütün fəsillərində bundan geniş danışır. O qeyd edir ki, MOSSAD-ın bu əməliyyatlarına nəzarət edən əsas siyasi şəxsiyyət o zamanın baş naziri Binyamin Netanyahu idi. Kohen bu əməliyyatlarda Netanyahunun rolunu tanıyır, amma yenə də vurğulayır ki, əsas ideyaların müəllifi özü olub, Netanyahu yox.
Bunun arxasında təkcə onların hər ikisinin xarakterində olan eqoizm dayanmır. Kohen kitabda özünü Netanyahunun “adamı” kimi görən imicdən qurtarmağa çalışır. O, açıq şəkildə bildirir ki, dəfələrlə İrana və “Hizbullah”a qarşı hücuma başlamağı təklif edib – ayrı-ayrılıqda və ya eyni vaxtda. Amma ardıcıl olaraq İsrail ordusunun Baş Qərargah rəisləri onun bu təkliflərini rədd ediblər.
O dövrdə baş nazir olan Netanyahu da qərargah rəislərinin mövqeyini dəstəkləyərək hücumu dayandırıb. Onun əsas arqumenti bu idi: belə bir hücum genişmiqyaslı müharibəyə səbəb ola bilər və bu müharibə İsrail şəhərlərində çoxlu bina və infrastrukturların məhv olunması ilə nəticələnə bilər.
Kitabın başqa bir hissəsində Kohen Netanyahuya 2014-cü ildə HƏMAS-la atəşkəsə razılaşdığı üçün tənqid yönəldir və belə deyir:
“O gün HƏMAS-ın tamamilə məhv edilməsi qərarı verilməli idi”.
Bununla belə, Kohen Netanyahunun ən böyük siyasi hədiyyələrindən birini ona məhz kitabda təqdim edir: O, 2023-cü il 7 oktyabrda baş verən uğursuzluğa görə Netanyahuya məsuliyyət yükləmir, əksinə, bu məsuliyyəti təhlükəsizlik orqanlarının rəhbərlərinin üzərinə qoyur.
Bu çərçivədə Kohen “məsuliyyət daşıma mədəniyyəti” haqqında geniş bir dərs verməyə başlayır və təhlükəsizlik rəhbərlərini Netanyahu ilə yaşadıqları fikir ayrılığına görə qınayır. O yazır ki, özü şəxslərə yox, dövlətə sadiq olmağa çalışıb, amma buna baxmayaraq, Netanyahuya hörmət etdiyini və onu praqmatik baş nazir kimi bəyəndiyini qeyd edir.
Qasim Süleymanini İsrail, yoxsa ABŞ öldürdü?
Eyni vəziyyət İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds qüvvələri”nin komandiri Qasım Süleymaninin öldürülməsi məsələsində də yaşanıb. Kohen deyir ki, o bu əməliyyat üçün ətraflı plan hazırlamışdı və bütün kəşfiyyat orqanlarının rəhbərləri planı dəstəkləmişdi. Lakin Baş Qərargah rəisi Aviv Koxavi etiraz edib və Netanyahu onu dəstəkləyib. Sonra Netanyahu Kohendən xahiş edib ki, bu qərarı amerikalılara çatdırsın.
ABŞ Prezidenti Donald Tramp (birinci prezidentlik müddətində) Netanyahunun qərarına əsəbiləşib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Gina Haspel də narazılıq edib və Kohenə belə deyib (onun sözlərinə görə): “Sizin generallar da bizim generallar kimidir – döyüşməyi sevmirlər”.
Kohen davam edir:
“Amerikaya təcili səfər etdim və onlara Süleymani haqqında çox geniş məlumat verdim. Mən ona “kiçik şahzadə” deyirdim və amerikalılar da bu adı əməliyyata verdilər. Əməliyyat uğurla başa çatdıqdan sonra (yanvar 2020), amerikalılar mənə təşəkkür medalı təqdim etdilər. 2025-ci ilin iyununda baş verən 12 günlük müharibə zamanı isə iranlılar mənim Tel-Əvivdəki evimi raketlə vuraraq qisas aldılar”.
O müharibə haqqında Kohen belə yazır:
“Bu müharibə İranın hava hücumundan müdafiə imkanlarının məhv edilməsinə gətirib çıxarıb, çünki israilli təyyarələrə qarşı bircə atəş belə açılmadı. Həmçinin zənginləşdirilmiş uranın böyük hissəsi və zənginləşdirmə obyektləri məhv edildi: “İran artıq keçmişdəki kimi toxunulmaz deyil və bilir ki, İsrail və ABŞ artıq onu vurmaqdan çəkinmir”.
Amma Kohen təəccüb edir ki, buna baxmayaraq, nə Təl-Əvivdə, nə də Vaşinqtonda “molla rejimini devirmək” qərarı verilmədi. O, detala varmadan qısa şəkildə deyir ki, son müharibə İran rejimini devirmək üçün “qaçırılmış bir fürsət” idi.
“Huzbullah”ın əməliyyatlar rəhbəri İmad Muğniyənin qətlə yetirilməsi
Kitabın altıncı fəslində Yossi Kohen “Hizbullah”ın əməliyyatlar rəhbəri olan İmad Muğniyəyə yaxın bir livanlını necə MOSSAD üçün agent etdiyini danışır.
Kohen deyir ki, gözü “Livanın köhnə döyüşçülərindən, savadlı bir adam”a düşüb. O, yaşca Kohendən 20 yaş böyük idi. Kitabda ona “Abdullah” təxəllüsü verilir. Abdullah “Hizbullah”a çox yaxın idi. Kohen öyrənir ki, bu adam gələcəyini təmin etmək üçün Latın Amerikasında təhlükəsiz iqtisadi imkanlar axtarır.
Daha ehtiyatlı olmaq üçün Kohen onunla ilk görüşə silahsız çıxıb, lakin ikinci görüşdə tapança götürüb. Sonra Abdullahın arxasına gizli müşahidəçi təyin edib ki, onun bütün hərəkətlərini laboratoriyada sınaq siçanını izləyən tədqiqatçı kimi izləsin. Kohen başa düşüb ki, Abdullahın “Hizbullah”a bağlılığı dini ideologiyadan və “Livanı qoruduğuna inanmasından” qaynaqlanır və Kohenə görə bu, “arzu olunan ideal vəziyyət” idi.
Hadisələr 1990-cı illərin əvvəllərində baş verirdi. Kohenin özünə seçdiyi örtük şəxsiyyəti belə idi: Argentina əsilli iş adamı, Yaxın Şərqdə ticarət layihəsi qurmaq üçün ortaq axtarır.
Bir neçə görüşdən sonra Kohen hiss edib ki, Abdullah ona isinişib və ona inanır. O, Abdullahın etibarını qazanandan sonra ona iş ortaqlığı təklif etdi.
Daha sonra Kohen konkret təkliflə gəlib: Bir şirkət onlardan “Hizbullah” haqqında araşdırma aparmağı istəyirdi və bunun müqabilində böyük məbləğ ödəməyə hazır idi.
Əvvəlcə Abdullah bu işi qəti şəkildə rədd edib və bir neçə gün Kohenlə əlaqəni tamamilə kəsib.
Lakin bir neçə gün sonra gözlənilmədən geri dönüb və razılaşdığını bildirib.
Sonra Abdullah və Kohen birlikdə İsrailə səfər edib, Tel-Əvivdə gəziblər. Abdullah bilmirdi ki, “argentinalı iş adamı”, əslində, MOSSAD zabitidir.
Əsas tapşırıqlardan biri də iki israilli əsgərin – Rahamim el-Şeix və Yossi Finkin taleyini öyrənmək idi. Onlar 1986-cı ildə “Hizbullah”ın pusqusuna düşərək əsir götürülmüşdülər.
Almaniya kansleri Helmut Kolu müşavirlik edən təhlükəsizlik məsləhətçisi Bernd Şmidbauer İsrail ilə “Hizbullah” arasında mübadilə danışıqlarına vasitəçilik edirdi.
“Hizbullah” bu əsgərlərin yaşayıb-yaşamadığını açıqlamaqdan imtina edirdi və onların müqabilində çoxlu sayda livanlı və fələstinli əsirin azad edilməsini tələb edirdi.
Abdullah isə bu məsələdə həlledici məlumatı gizli şəkildə əldə etməyə nail oldu:
həmin israilli əsgərlər ölmüşdü.
Bu məlumat dərhal mübadilə “qiymətini” dəyişdirdi və bu, İsrail üçün son dərəcə önəmli idi.
Kohen o an anlayıb ki, Abdullah çox dəyərli hədəfdir, geniş əlaqələri, yüksək bacarıqları və ona tapşırılan işi sədaqətlə yerinə yetirməsi ilə seçilir.
Ən önəmli nəticələr isə sonrakı aylar və illər ərzində ortaya çıxır: Abdullah dünyanın 42 ölkəsi tərəfindən axtarılan, ABŞ-nin haqqında məlumat verənə 25 milyon dollar mükafat təyin etdiyi, Livanda çox sayda amerikalının ölümündə məsul bilinən İmad Muğniyə haqqında inanılmaz dərəcədə geniş məlumatlar toplayır.
İsrail Muğniyənin aradan götürülməsində çox maraqlı idi.
Kohen bu əməliyyatın detalları haqqında çox danışmır. Muğniyə 2008-ci ildə Dəməşqdə, avtomobilinə yerləşdirilmiş partlayıcı ilə öldürüldü.
Lakin keçmiş baş nazir Ehud Olmert 2024-cü ildə etiraf edib ki, bu əməliyyatı onun hökuməti həyata keçirib və planı MOSSAD hazırlayıb, ABŞ kəşfiyyatı ilə birlikdə icra edib.
Tərcümə etdi: Amir Aqiloğlu
İranın nüvə mərkəzinə necə sızıldı və ən önəmli alim necə öldürüldü? Növbəti yazıda.












