İranla ticarətdə "QIRMIZI XƏTT": "25%-lik rüsum Azərbaycan bazarına ağır zərbə vuracaq”
“İranla əməkdaşlıq edən ölkələrə tətbiq ediləcək 25% rüsum Azərbaycan bazarına da təsir göstərəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Ekspert ABŞ-ın yeni sanksiya siyasətinin Azərbaycana mümkün təsirlərini rəqəmlərlə izah edib:
“Azərbaycan və İran arasında ticarət dövriyyəsi illik təqribən 450-500 milyon dollar civarındadır. Bu, çox böyük həcm sayılmasa da, balansda idxal üstünlük təşkil edir. Bizim İrana ixracatımız təxminən 40-50 milyon dollar arasındadır. Qonşu ölkədən isə əsasən ərzaq məhsulları, məişət kimyası və tikinti materialları alırıq”.
N. Cəfərli qeyd edib ki, gərginlik artarsa, Azərbaycan bazarı alternativ mənbələrə yönəlməli olacaq:
“Hələlik bazarda bununla bağlı ciddi ajiotaj yoxdur. İş adamları adətən 1-2 aylıq ehtiyatla işləyirlər. Lakin hadisələrin inkişafı Azərbaycana təsirsiz ötüşməyəcək. İrandan gələn ucuz məhsulların qıtlaşması və bahalaşması gözləniləndir. Belə bir vəziyyətdə bazarda dominantlıq İran məhsullarının əvəzinə digər ölkələrdən gətirilən daha baha analoji məhsullara keçə bilər”.
Nurlan Cəfəri












