İrəvanın azərbaycanlı ziyalılarının varlıq mübarizəsi
Qərbi Azərbaycanda təhsil, mətbuat və mədəniyyətin dirçəldilməsi
1924-cü ildən fəaliyyətə başlayan İrəvan Türk Pedaqoji Texnikumu, 1936-cı ildən isə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi Qərbi Azərbaycanda təhsil sahəsində azərbaycanlılara müəllim hazırlayan əsas mərkəz olmuşdur. Məktəb müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimlərinin rəhbərliyi altında fəaliyyət göstərmişdir. Burada yetişən müəllimlər Qərbi Azərbaycanın azərbaycanlı məktəblərində bilik və təcrübələrini əks etdirərək elmin və təhsilin inkişafına böyük töhfə vermişlər. Azərbaycanın böyük kimyaçısı, akademik Yusif Məmmədəliyev 1928-1929-cu illərdə gənc yaşlarında bu məktəbdə müəllim işləmişdir.
1936-cı il yanvarın 27-də İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunda Azərbaycan şöbəsinin yaradılması isə Azərbaycandilli məktəblər üçün müəllim kadrların hazırlanması və Pedaqoji Məktəbi bitirmiş müəllimlərin ixtisaslarının artırılması işinə mühüm təkan verdi. Bütün bu səylərə baxmayaraq, bolşevik pərdəsi altına girən erməni millətçilərinin maneə və təzyiqlərinə rəğmən, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi 1947-ci ilin ortalarına qədər 1370 orta ixtisaslı pedaqoji kadr yetişdirmiş, institutun Azərbaycan şöbəsində isə tarix, coğrafiya və filologiya ixtisasları üzrə yüzlərlə ali təhsilli müəllim məzun olmuşdur.
Təhsilini başa vurmuş müəllimlər Qərbi Azərbaycanın bütün bölgələrində elmin, təhsilin inkişafına böyük töhfə vermişdilər. Lakin SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 27-də qəbul etdiyi 4083 №-li qərar nəticəsində 1948-1953-cü illərdə 144 654 azərbaycanlı zorla dədə-baba yurdlarından deportasiya edilmişdir. Deportasiyaya məruz qalanlar yalnız insanlar deyildi; erməni millətçiləri 1948-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsini bağlamış, tələbələri Azərbaycan Pedaqoji İnstitutuna göndərmiş, 1949-cu ildə isə Pedaqoji Məktəbi Xanlara (indiki Göygöl) köçürtməyə nail olmuşdular. Həmin illərdə İrəvan Azərbaycan Dövlət Dram Teatrı da Basarkeçər rayonuna köçürülmüş, məqsəd isə aydın idi: Qərbi Azərbaycanın mədəni və inzibati mərkəzini azərbaycanlıların əlinə verməmək və şəhəri sırf erməni şəhərinə çevirmək.
Deportasiyadan sonra İrəvan şəhərinin mərkəzində kompakt yaşayan azərbaycanlı məhəllələrinin əksəriyyəti boşaldıldı, qədim qəbiristanlıqlar isə 50-60-cı illərdə yeni tikililər üçün yerlə yeksan edildi. Buna baxmayaraq, azərbaycanlı ziyalılar əzmlə fəaliyyətlərini davam etdirdilər. 1954-cü ildə İrəvan Pedaqoji İnstitutunda Azərbaycan şöbəsi yenidən bərpa olundu. İlk illərdə yalnız dil-ədəbiyyat və tarix fakültələri açılmış, sonralar fizika-riyaziyyat, təbiət və coğrafiya ixtisasları üzrə müəllimlər hazırlanmağa başlanmışdır.
1964-cü ildə Sovet rəhbərliyinin uydurma erməni soyqırımının 50 illiyinin qeyd olunmasına razılıq verməsi nəticəsində 1965-ci ildə İrəvanın “Üçtəpə” ərazisində abidənin tikintisinə başlanmış, 1967-ci ildə açılışı olmuşdur. Bu hadisə erməni millətçiləri arasında millətçi əhval-ruhiyyəni gücləndirmiş və 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində İrəvanda azərbaycanlı əhalinin sayını nəzərəçarpacaq qədər azaldıb, digər bölgələrdə isə azərbaycanlılara qarşı aqressiv münasibət artmışdır.
Buna baxmayaraq, Cəfər Vəlibəyov, Rza Vəlibəyov, Sidiqə Qədimova, Dursun Abbasov, Sabir Əsədov, Tapdıq Əmiraslanov, Əkbər İrəvanlı, Əli Məmmədov, Qüdrət Orucov, Yunis Rzayev, Həbib Həsənov, Sabir Rzayev kimi ziyalılar Qərbi Azərbaycanda yaşayan soydaşların təhsili, mədəniyyəti və hüquqları uğrunda mübarizəni davam etdirmişlər.
Respublikada yeganə azərbaycandilli mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti də davamlı basqı və təzyiqlərə baxmayaraq, azərbaycanlı ziyalıların toplandığı mərkəzə çevrilmişdi. Bakıdan İrəvana gələn görkəmli ziyalılar və akademiklər burada həmhəmiyyətlərinə mənəvi dəstək vermişdir. Qəzetin yanında, Basarkeçər (1930), Amasiya (1933), Çəmbərək (1938) və digər rayonlarda çap olunan azərbaycandilli yerli qəzetlər də həm mədəni həyat, həm də kənd təsərrüfatı və ədəbiyyat sahəsində fəaliyyət göstərirdi.
Qərbi Azərbaycanda Azərbaycan dilində mətbuatla bərabər, İrəvan radiosunun Azərbaycan dilində verilişlər redaksiyası da fəaliyyət göstərirdi. Təcrübəli jurnalist və diktorlar axşam 17:30-da yarım saatlıq proqramla efirə çıxır, əmək kollektivlərindən reportajlar, müsahibələr və Azərbaycan musiqisi səsləndirilirdi. Redaksiyanın rəhbəri Sidiqə Qədimova, diktorlar Lətifə Dalqılıcova, Nəcəf Şabanov, Əli Vəkil, İsmayıl İsmayılov, Dursun Abbasov və digər tanınmış ziyalılar idi.
1969-cu il iyul ayının 14-dən sonra isə Azərbaycan televiziyası və radiosu Naxçıvan Muxtar Respublikası və Ermənistanla sərhəd rayonlarında yayımlanmağa başladı. Beləliklə, Qərbi Azərbaycandakı soydaşlarımız böyük bir ərazidə Azərbaycan televiziyasına və radiosuna baxmaq imkanı əldə etdilər.
Bu geniş fəaliyyətlər göstərir ki, İrəvanda yaşayan azərbaycanlılar tarix boyu müxtəlif təzyiqlərə, deportasiyalara və ayrı-seçkilik siyasətlərinə baxmayaraq, təhsil, mətbuat və mədəniyyət sahələrində böyük mübarizə aparmış, gələcək nəsillər üçün qürurverici irs yaratmışdır./cebheinfo