İŞİD-ə qarşı “kölüllülər ordusu” yaradılır
Hizbullah sözçüsü: “ABŞ-ın yeni planı əslində İŞİD-i qorumaq, ancaq eyni zamanda digər ölkələrə yayılmasının qarşısını almaqdır”
İraq hökuməti İŞİD-ə qarşı mübarizə məqsədilə könüllülərdən ibarət “Milli Mühafizə Ordusu” yaradıb. Bu barədə ölkənin yeni baş naziri Heydər İbadi məlumat verib.
İraq mediasının məlumatına görə, yeni orduda Silahlı Qüvvələrin Baş Komandanlığı yeni orduda sünni tayfaların qurduğu “Oyanış Şuraları”na bağlı qüvvələr və İŞİD-in Mosulu işğal etməsindən sonra yaradılan şiə özünümüdafiə dəstələri yer alacaq. Yeni ordu qüvvəsi ilə bağlı hüquqi düzəlişlər həyata keçirilib. O da bəlli olub ki, könüllülər ordusu polisin də dəstəyi ilə terrorçulara qarşı mübarizə aparacaq.
Livanın Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım isə yerli mətbuata verdiyi müsahibəsində deyib ki, ABŞ-ın İŞİD-ə qarşı mübarizə planı terror təşkilatını tamamilə yox etməyə deyil, nəzarət altına almağa hesablanıb. Onun sözlərinə görə, ABŞ İŞİD-ə qarşı mübarizə adı ilə İraq və Suriyada mövqelərini möhkəmləndirməyə çalışacaq. Şeyx bildirib ki, ABŞ-ın yeni planı əslində İŞİD-i qorumaq, ancaq eyni zamanda digər ölkələrə yayılmasının qarşısını almaqdır.
Qeyd edək ki, ABŞ hökumətinin elan etdiyi İŞİD-ə qarşı 4 bəndli mübarizə planında Suriyadakı İŞİD mövqelərinə zərbə endirməklə yanaşı, bu ölkədəki mülayim müxalifətə dəstəyin artırılması da yer alır. Bu isə Suriyada kəskin etirazla qarşılanıb.