İspaniyadakı türk mafiyası qanlı savaşa ÇIXDI – “Daltonlar” və “Casperlər” KİMLƏRDİR?
İspaniyanın Alikante bölgəsinin Torreviexa şəhərində 21 yaşlı türk gəncin silahla qətlə yetirilməsi ölkədə iki türk mafiyası arasında toqquşmanı alovlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Polis araşdırmasına görə, qətl “Daltonlar” və “Casperlər” adlı cinayətkar qruplaşmaların hesablaşması ilə bağlıdır. Hadisə ilə əlaqədar 23, 30 və 35 yaşlı üç türk vətəndaşı saxlanılıb.
Məluamtda Caner Koçerin “Daltonlar”ın yüksələn liderlərindən biri olduğu və “Casperlər” tərəfindən planlaşdırılan sui-qəsd nəticəsində öldürüldüyü bildirilir. İlk cəhd uğursuz alınsa da, ikinci dəfə həyata keçirilən hücum nəticə verib. Gənc yaşına baxmayaraq Koçer əvvəllər də azyaşlı killerləri İspaniyaya gətirərək qətl törətdirməkdə ittiham olunmuşdu.
Qeyd edək ki, “Daltonlar” İstanbulun kasıb məhəllələrində yaranıb və narkotik alveri, silah, qətl və hədə-qorxu yolu ilə gəlir əldə edir. Qrup üzvləri nə gizlənir, nə də fəaliyyətlərini ört-basdır edirlər. Əksinə, sosial mediada silah və pullarla paylaşdıqları görüntülər vasitəsilə diqqət çəkirlər. Bu paylaşımlar nəticəsində onların liderlərinin İspaniyada olduğu da üzə çıxıb.
Malaqa şəhərində fəal olan “Daltonlar” üzvləri sosial şəbəkələrdə videolarla rəqiblərinə meydan oxuyur. Lakin Koçerin öldürülməsi bu şouların təhlükəli nəticələr doğurduğunu göstərib. Qrup hazırda 40 günlük “sayğı müddəti” elan etsə də, sonradan intiqam alacaqlarını bəyan edib. Artıq Türkiyə və Almaniyadan yeni adamlar gətirildiyi qeyd olunur.
İspaniya polisi və “Guardia Civil” isə beynəlxalq əməkdaşlıqla bu qrupların fəaliyyətini izləyir. Hazırda digər mafiya şəbəkələri – “Mocromafia”, İtalyan və Şərqi Avropa cinayətkar qrupları türklərin bölgədəki fəaliyyətini öz maraqlarına təhlükə hesab etmirlər. Lakin türklərin səs-küylü və sosial şəbəkə yönümlü fəaliyyətləri onların diqqət çəkməsinə səbəb olub.