İstirahət günlərinin çox olmasının insan psixologiyasina təsiri – Psixoloq şərhi
İstirahət günlərinin çox olmasının insan psixologiyasina təsiri necədir? İnsanlarda hansı mənfi amillərə yol açır?
Psixoloq Aysel Qasımlı sualımıza geniş şəkildə belə izah verdi. “İnsan həyatında tətillərin yeri böyükdür. İnsanların psixoloji, istərsə də fizioloji baxımdan buna ehtiyacı vardır. Çünki təbii olaraq insanlar işlədiklərində bir müddət sonra artıq psixoloji yorğunluq, stress və gərginlik yaranmağa başlayır. Yaranmış olan stress və gərginlik isə təbii olaraq onun həyatında büruzə verir. İşdən sonrakı həyatında bu ona əngəl törədir. Yaxınları ilə ünsiyyətində də bu özünü göstərir. Günün yorğunluğu ilə evə gələn işçilər istirahət üçün yatar və ya başqa hər hansı bir işlə məşğul olmağa çalışarlar. Beləliklə də, özlərinə vaxt ayıra bilmirlər. Bildiyimiz kimi, hər bir insanın sevdiyi və ya məşğul omaq istədiyi əlavə işləri, hobbiləri vardır. İşləyən insanların isə özlərinə vaxt ayırması çətinləşir. Onlar əlavə işlərini məcburən həftə sonlarına və ya uzun müddətli tətillərə saxlayırlar. Həmçinin, yorğunluqdan yaranmış stressə görə işdə də istənilən nəticəni əldə etməkdə çətinlik çəkirlər”.
Psixoloq, “Yuxu zamanı beyin öz işini bərpa edib daha yaxşı işlədiyi kimi, tətillər zamanı insanın enerjisi bərpa olunduğundan o sonrakı iş rejiminə daha aktiv başlayır və buna görə də onun işdəki performansı artır. Hətta müəyyənləşdirilmişdir ki, il ərzində müəyyən edilmiş tətil işçiləri daha enerjili işləməyə sövq edir. Buna səbəb onların veriləcək tətili düşünməkləridir.-deyə sözlərinə əlavə edib.
“Psixoloji olaraq yaranmış olan stress davamlı xarakter aldığında bir çox xəstəliklərə keçid edir. Bu isə tətillərin insanlara dolayı yolla da olsa fizioloji təsiridir”.
“Amma bir cəhət də məlumdur ki, iş rejiminə öyrəşmiş, davamlı olaraq işləmiş olan insanlar tətillərin uzun olmasını sevmirlər. Hətta uzun tətillər onlarda stress yaradır. Yenidən işləməyə ehtiyac duyurlar. İşdən əlavə həyata vaxt ayırmaq üçün tətilə ehtiyac duyulduğu kimi, şəxsi maraqlardan müəyyən qədər uzaqlaşmaq üçün də işləməyə ehtiyac duyulur. Bəzi insanlar üçün isə hobbiləri məhz işləri olduğundan onlar tətilə daha az ehtiyac duyurlar. İstirahət günlərinin çox olmasının mənfi tərəfləri də vardır ki, bu şagirdlərdə xüsusilə büruzə verir. Bu bəzən tənbəllik yaradır. İş adamlarında isə yenidən işləmək həvəsini azaldır”-deyə, psixoloq uzun müddətli tətillərin insanlarda hansı mənfi amillərə yol açdığını sadaladı.
Kamran