AYNA-nın tıxacların qarşısını almaq fəaliyyəti effekt vermir - SƏBƏBLƏR
“AYNA sıxlığın və tıxacların qarşısını almaq üçün müəyyən addımlar atsa da, bu, öz effektini vermir”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Yenicag.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində bəzi xərclərin qarşılanması üçün “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nə (AYNA) avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40 milyon manat vəsait ayrılması gözlənilir.
Ekspert bildirib ki, il ərzində müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulur və buna uyğun olaraq vəsait ayrılır:
“Son dövrlər avtobuslar yenilənir, onlar üçün xüsusi zolaqlar çəkilir, taksi fəaliyyəti ilə bağlı islahatlar aparılır. Həmçinin mikromobillik tətbiq olunur, velosiped və digər nəqliyyat vasitələri üçün yollar çəkilir. Parkinq məsələləri də tənzimlənib. Bunların hər biri tıxacların qarşısını almaq məqsədilə atılan addımlardır. Amma reallıq ondan ibarətdir ki, Bakıdakı nəqliyyat sistemi əvvəlki vəziyyətinə qayıtmayacaq. Çünki hər il təxminən 100 minə yaxın nəqliyyat vasitəsi Azərbaycana gətirilir və bunun ən böyük yükü Bakının üzərinə düşür. Nə qədər işlər görülsə də, artan nəqliyyat sıxlığı səbəbindən bir neçə il əvvəlki vəziyyəti bərpa etmək mümkün olmayacaq”.
Məlik Məlikov












