!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İt hürən, yoxsa işıq gələn tərəfə? - “Cırtdan”ın nağılıyla yatanları gerçək qəhrəmanlar oyadacaq - ARAŞDIRMA

1933-cü ildən Azərbaycanda bir sənət kimi fəaliyyətə başlayan animasiyanın inkişaf dövrü ötən əsrin 60-cı illərinə təsadüf edib. Həmin vaxtdan bəri dövlət sifarişi ilə 130-dan çox cizgi filmləri istehsal olunub. 1980-ci ildən bu yana isə çəkilən animasiyaların sayı 40-dən çox olmayıb.

Avropa ilə müqayisədə bu sahədə çox-çox geridə qalmışıq. Amerika və Avropa ölkələrində animasiyalar təbliğat vasitəsindən başqa, həm də kino sənayesinin ən çox gəlir gətirən sahəsidir. Məsələn, uşaqların sevimli qəhrəmanı olan “Şrek” cizgi filminin bir bölümü üçün 60 milyon vəsait xərclənib. Eyni zamanda, film istehsalçı şirkətə qat-qat artıq qazanc gətirir. Yaxud da “Walt Disney Pictures” kinoşirkətinin çəkdiyi “Soyuq ürək” (“Frozen”) dünyada animasiya filmi üzrə ən çox pul toplayan filmlər arasında rekorda imza atıb. Bir neçə il öncə bu film dünya üzrə 1,07 milyard dollar toplayıb. Bu, məsələnin maddi tərəfi… Eyni zamanda film “Ən yaxşı animasiya filmi” və “Ən yaxşı saundtrek” nominasiyalarında “Oskar”a layiq görülüb, “Qızıl qlobus”, BAFTA və 30-a yaxın digər müxtəlif mükafatlar qazanıb.

Azərbaycanda isə 10 dəqiqəlik animasiya filmi ən yaxşı halda 75-80 min manata başa gəlir. Əldə olunan gəlirdən və beynəlxalq mükafatlardan isə danışmağa belə dəyməz.

Çəkilən cizgi filmlərimiz nəinki dünya bazarına çıxmır, heç yerli telekanallarımızda belə nümayiş olunmaq şansını qazanmır.

Telekanallar yerli animasiyaların çəkilməməsini əsas gətirə bilər. Amma milli şüur və düşüncənin formalaşması üçün böyük rolu olan animasiyalarımız da var.

“Azanfilm”in az sayda da olsa çəkdiyi filmlər var. Bununla yanaşı, tanınmış rejissor, ssenarist və yazıçı Vahid Mustafayevin 2014-cu ildə təsis etdiyi “BALANS” Milli Animasiya Studiyasında prodüser, ssenarist və quruluşçu rejissor kimi ərsəyə gətirdiyi silsilə cizgi filmlərini misal gətirə bilərik. Müxtəlif yaş kateqoriyalarını əhatə edən uşaqlar üçün çəkilən “Qoyunlarla oyunlar” (12 seriya), “Bil” (12 seriya), “Dostlar” (8 seriya), “Yol yoldaşı” (24 seriya)… Həm ibrətamizdir, həm də əyləncəli.

Müasir tələblərə uyğun həmin cizgi filmləri bəs niyə telekanallarda nümayiş olunmur?

Uşaq beyni ağ kağız kimidir, gördükləri dərhal yazılır. Özümüzünküləri göstərmirik, nəticədə, gələcək nəsil əcnəbi cizgi filmlərini seyr edə-edə böyümək məcburiyyətində qalır. Sirr deyil ki, həmin filmlərin əksəriyyəti də zorakılıq, qəddarlıq, aqressiya aşılayır.

Təəssüf ki, belə filmlərin acı aqibətini çox-çox sonralar anlamış oluruq: uşaqlarımız böyüyüb aqressiv, əsəbi olanda. Bəs necə edək ki, sonrakı peşmançılığa görə dizimizə döyməyək? Özümüzün cizgi filmlərimizi qoyub, niyə axı onun-bunun çəkdiklərini göstəririk, ümumiyyətlə, bu sahəsdə real vəziyyət necədir?

Yenicag.az problemi peşəkarlarla araşdırmağa çalışıb.

“Ölkədə animatorlar yetişdirən təhsil ocağı yoxdur”

Tanınmış animasiya rejissoru Elçin Hami son vaxtlar Azərbaycanda cizgi filmlərinə ümumiyyətlə, diqqət ayrılmadığını bildirib:

“Qonşu Gürcüstanda 19 animasiya mərkəzi var. İran, Qazaxıstan, Rusiyada animasiya yüksək səviyyədə inkişaf edib. Bu işə xüsusi diqqət ayrılır. Azərbaycanda da bu məsuliyyət Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin üzərinə düşür. Ölkədə animatorlar yetişdirən bir dənə də olsun təhsil ocağı yoxdur. Kadrlar yetişdirilməlidir ki, müasir standartlara cavab verə bilən keyfiyyətli ansimasiyalar çəkilsin. Ölkəmizdə ciddi kadr problemi də var.

Mədəniyyət və İncəsənət Universitetində animatorlar yetişdirən ixtisas yoxdur. Problem ya kursların açılması, ya da digər ölkələrdə təcrübə qazanmaq və təhsil almaq yolu ilə həll oluna bilər”.

E.Hami telekanallarda vaxtilə çəkilən animasiya filmlərinin deyil, əcnəbi animasiyaların nümayişinin də uşaqların psixologiyasına mənfi təsirlərindən danışıb:

“Animasiya filmlərinin çox vacib funksiyası var; uşaqların tərbiyəsində böyük rol oynayır. Milli ruh, milli musiqi məhz animasiya vasitəsi ilə yeni nəslə ötürülür. Əcnəbi animasiyaların nümayişi ilə uşaqlara başqa millətlərin mental dəyərləri aşılanır, mlli ənənələr itirilir. Telekanallarda milli animasiyalar göstərilmir”.

“Niyə “Şrek”i göstərirlər, amma yerli cizgi filmlərini yox?”

Qaydalara görə, Peşəkar Rejissorlar Gildiyası ilə televiziyalar arasında müqavilə imzalanır. Animasiyaların nümayiş üçün televiziyalar həmin quruma qonorar ödəyir və əldə olunan gəlir də müəlliflə istehsalçı arasında bölünür.

Qurumun rəhbəri, tanınmış rejissor Hüseyn Mehdiyev filmin televiziyada nümayişinin təxminən 35 manata başa gəldiyini bildirib:

“Əvvəllər televiziyalarda xarici cizgi filmləri ilə yanaşı yerli animasiyaları da göstərirdilər. Amma son bir ildə demək olar ki, bu proses dayandırılıb. Bir var xaricdən cizgi filmləri disklərini alıb, pirat nüsxələri dublyaj edib, pulsuz göstərəsən, bir də var öz milli animasiyalarımızın nümayiş olunması üçün istehsalçıya pul ödəyəsən. Pul ödənən zaman müəlliflik hüququ qorunmalıdır. Yəqin telekanal rəhbərləri fikirləşirlər ki, kiməsə pul ödəməkdənsə, elə pirat nüsxələr nümayiş olunsun. Çox az sayda telekanallar var ki, qanuni yolla lisenziya alıb həmin cizgi filmlərini göstərir. Azərbaycan televiziyalarında piratçılıq baş alıb gedir. Onların da qabağını alan yoxdur. Nazirlər Kabinetinin qaydaları var ki, Azərbaycana gətirilən hər bir audiovizual əsər Mədəniyyət Nazirliyində qeydiyyatdan keçib, reyestrə salınmalı və şəhadətnamə almalıdır. Bundan sonra həmin film Azərbaycan ərazisində nümayiş oluna bilər. Həmin şəhadətnamədə də filmin kateqoriyası göstərilməlidir ki, hansı yaş təbəqəsinə aiddir və kimlər üçün ünvanlanır. Vaxtilə belə olub, amma indi buna əməl olunmur. Telekanallara sual ünvanlamaq lazımdır ki, niyə “Şrek”i göstərirlər, amma yerli cizgi filmlərini yox?”

H. Mehdiyev cizgi filmlərinin sayının azlığından da gileylənib:

Azərbaycanda ildə 10-15 cizgi filmi çəkilməlidir, bunun üçün studiya da fəaliyyət göstərir. Bizimkilər nədənsə bu işə səthi yanaşırlar. Amma əminəm ki, bizdə cizgi filmlərinin çəkilməsi üçün mövzu baxımından yaxşı şərait, eləcə də nağıllar, dastanlar, qəhrəmanlar var.

“Çox istərdik ki, özəl sektorlar da bu işə diqqət və maliyyə ayırsın”

Rejissor, animator Sultan Abbasbəyli hesab edir ki, silsilə cizgi filmləri çəkilib, telekanallarda yayımlanmalıdır ki, uşaqlar öz obrazlarını sevsinlər. Çünki uşaq həmin obraza inananda onun hərəkətlərini təkrarlamağa çalışır.
Animatorun sözlərinə görə, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında ildə 1-2 cizgi filmi istehsal olunur və cizgi fimlərinin büdcəsi formata, üsluba, personajların sayına görə dəyişir. 6-7 dəqiqəlik keyfiyyətli animasiya üçün isə ən azı 35-40 min manat lazımdır.

“Çox istərdik ki, yalnız Mədəniyyət Nazirliyi deyil, özəl sektorlar da bu işə diqqət və maliyyə ayırsın ki, cizgi filmlərinin sayını artıra bilək” – S.Abbasbəyli deyib.

“Yeni personajlar yaranmalıdır”

Psixoloq Vüsalə Əmiraslanova əcnəbi cizgi filmlərinin uşaq psixologiyasına təsirinin böyük olduğunu bildirib: “Uşaq saatlarla eyni cizgi filminə baxırsa, onda asılılıq yaranır. Valideyn araşdırıb bilməlidir ki, o cizgi filminin mahiyyəti nədən ibarətdir. Əvvəl özü baxmalıdır, sonra övladına məsləhət görməlidir. Əgər hansısa animasiya uşaqda aqressiya yaradırsa, tərbiyəvi əhəmiyət daşımırsa, uşağı elə filmlərdən uzaqlaşdırmalıdır. Artıq internet əsridir, uşaqlar da yenilik istəyir. Yaxşı olardı ki, yeni personajlar yaransın. Bu personajlar qəhrəmanlığı, humanizmi, vətənpərvərliyi əxz eləməlidir. Yeni personajların yaranması zamanı psixoloqlarla da məsləhətlər aparılmalıdır ki, həmin obrazlar uşaqlarda aqressiya, emosionallıq yaratmasın”.

İt hürən, yoxsa işıq gələn tərəfə?

… Nə vaxta qədər uşaqlarımız əcnəbi animasiya filmlərinin qəhrəmanlarına baxıb, onlara bənzəməyə çalışacaq. Bəlkə vaxtdır, cizgi filmlərimizin qəhrəmanlarını dəyişək. 21-ci əsrin uşağını “Cırtdan”ın nağılına inandırmaq da asan deyil. Bəlkə ona görə əcnəbi serialların qəhrəmanlarına bənzəməyə çalışırlar. Axı özümüzün nə qədər tarix yazan qəhrəmanlarımız var. Uzağa getməyək, yaxın keçmişimizdən olan Milli Qəhrəmanlarımız Çingiz Mustafayev, Əlif Hacıyev, Asif Məhərrəmov, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev və digər Vətən fədailəri örnək deyilmi? Niyə uşaqlarımız milli qürur, milli ruhu əxz edib, əsil vətənpərvər kimi böyüməsinlər? “Cırtdan”ın nağılında deyildiyi kimi, axı niyə it hürən tərəfə gedək? İşıq gələn tərəfə gedək ki, uşaqlarımızın yolunu, qəlbini, zehnini aydınlada bilək.

SOS verməyin vaxtıdır. Əks halda, gələcək nəslin xilası üçün çox gec qalmış olacağıq.

Cəvahir

www.yenicag.az

1921
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100