İtkin düşmüş alpinistlərlə bağlı son xəbər

“Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Yenicag.az saytının məlumatına görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında bildirilir ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.

Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) də axtarışlara qoşulub.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış barədə əlavə məlumat veriləcək.