İraqın Kərkük şəhərindəki türkmənlər hökumətin onlara məxsus ərazilərdə müxtəlif layihələr həyata keçirməsinə etirazlarını bildiriblər.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraq Türkmən Cəbhəsinin (İTC) baş katibinin müavini, parlamentin deputatı Həsən Turan keçirdiyi brifinqdə danışıb. H.Turan bildirib ki, bir millətin torpaqlarının haqsız olaraq ələ keçirilməsi o millətin məhvə məhkum edilməsi deməkdir:
“Devrilmiş Səddam Hüseynin dövründə hökumətin qanunsuz olaraq zəbt etdiyi yüz hektarlarla əkinə yararlı ərazilərin indiyə kimi türkmənlərə geri qaytarılmamasının səbəblərini artıq dərk etməyə başladıq. Hesab edirlər ki, Kərkükün timsalında bir şəhərin etnik kimliyini ancaq bu yolla dəyişə bilərlər”.
H.Turan əlavə edib ki, onlar türkmənlərə məxsus ərazilərdə İraqın digər bölgələrindən gələn qaçqınların yerləşdirilməsinə etiraz etmirlər:
“Ancaq orada müxtəlif layihələr və sərmayə bəhanəsi ilə alçaq oyunlar oynanılır. İndi də Səddam Hüseyn dönəmində yürüdülmüş siyasətin davam etdirildiyinin şahidiyik. Həmin ərazilərin türkmənlərə geri qaytarılması üçün hüquq müstəvisində 13 ildir ki, mübarizə aparırıq. Bununla bağlı qaldırılmış 55 min iddiadan yalnız bir neçəsi müsbət həllini tapıb. Təəssüf ki, ölkədəki siyasi tərəflər qanunları da öz təsirləri altına salıblar”.
İTC təmsilçisi türkmənlərə məxsus ərazilərdə müxtəlif layihələr həyata keçirməyi planlaşdıran yerli hökuməti də sərt tənqid edib:
“Yerli hökumət bu qərarına yenidən baxmalıdır. Bu insanlara növbəti dəfə haqsızlıq etməyə heç kimin ixtiyarı yoxdur. Torpaq sahiblərinin öz haqlarının bərpa olunması tələbi ilə aksiyalar keçirtmək hüququ var. Bu, demokratik bir hüquqdur. Türkmənlər torpaqlarını geri almaq üçün bütün demokratik vasitələrdən istifadə edəcəklər”.
Yenicağ.Az
www.yenicag.az