“Reket jurnalistikası”nın qarşısını almaq üçün dövlət qurumlarının fəaliyyətində şəffaflıq təmin edilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanunda dəyişilməsi və ya sənədə daxil edilməsi vacib olan müddəalara toxunan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev deyib.
Musa Ağayevin sözlərinə görə, “Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanunun yenilənməsi həm də “bütün qapıların açıq olması” zərurəti ilə şərtlənir:
“KİV haqqında qanunda yer alan əksər müddəalara əməl olunmur. Məsələn, jurnalistlərin dövlət qurumlarına göndərdikləri sorğulara 24 saat ərzində cavab verilməsinə dair müddəaya ümumiyyətlə, məhəl qoyulmur. Bu məsələdə ayrı-seçkiliyə yol vermək olmaz.
Eyni zamanda, KİV-ə tam fəaliyyət azadlığı verilməlidir. Lakin insanların şərəf və ləyaqətini alçaldan materialların mediaya yol tapmasının da qarşısı alınmalıdır. Bəzi qruplar və şəxslər var ki, bir-birinə qarşı düşmənçiliyi məhz nəzarətlərində olan media orqanları vasitəsilə aparırlar.
Digər tərəfdən, KİV-in əsas problemlərindən biri də “reket jurnalistikası”dır. Bu yolverilməz fəaliyyətin qarşısını almaq üçün dövlət qurumlarının işində şəffaflıq təmin edilməli, rüşvətxorluq və özbaşınalıq kimi hallar aradan qaldırılmalıdır”.
Gülşən Şərif
www.yenicag.az