SEPAH-ın pozduğu memorandum: İranı hansı faciə gözləyir?
“İranı müharibəyə sürükləyən hakimiyyətin mühafizəkarlar qoludur”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq gərginləşən ABŞ-İran münasibətləri haqqında danışaraq, danışıqlar prosesini SEPAH-ın pozduğunu qeyd edib:
“ABŞ-ın İrana hücumu, İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumları ilə başladı. Ümumi götürəndə müəyyən memorandum imzalanmışdı ki, bu, İranın lehinə idi. SEPAH memorandumu pozdu. Baxmayaraq ki, Pezeşkiyanla Tramp memoranduma imza atmışdı və proses müsbətə doğru irəliləyirdi, SEPAH prosesi tamamilə dayandırdı. Düşünürəm ki, ABŞ yaxın zamanda İrana çox böyük zərbələr vuracaq. İran ilk zərbəni vurmamalı idi. Yaxşı ya pis, müəyyən uğurlar vardı, amma bundan sonra ABŞ İrana heç bir güzəşt tanımayacaq”.
Politoloq qeyd edib ki, baş verənlərin səbəbkarı İranın mühafizəkar qoludur:
“Proseslər tamamilə İranın əleyhinə işlədi. İran bundan sonra hər hansı danışıqlar aparsa belə, bu, ölkənin kapitulyasiyası bahasına başa gələ bilər. ABŞ müəyyən imkan yaratmışdı ki, İran özünü qoruya bilsin. Göründüyü kimi, proseslərin bu hala gəlməsində əsas səbəbkar mühafizəkar qrupdur. Onlar hakimiyyəti əldən vermək istəmirlər və ABŞ-la əlaqələrin pozulmasına çalışırlar. Bu isə birbaşa İranın zərərinə işləyəcək”.
Nurlan Cəfəri













