Hörmüz boğazında düyün nöqtəsi: ABŞ geri çəkiləcək, yoxsa İran?
“ABŞ müharibəni başladan tərəf kimi daha genişmiqyaslı əməliyyatların məsuliyyətini öz üzərinə götürməkdən çəkinir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq ABŞ və İran arasında NATO zirvəsi ərəfəsində atəşkəsin müvəqqəti pozulmasını analiz edib. Ekspert hesab edir ki, tərəflər arasında genişmiqyaslı müharibə gözlənilmir:
“ABŞ və İran arasında hərbi zərbələr mübadiləsinin bərpası əldə edilmiş atəşkəsin və qarşılıqlı anlaşma memorandumunun son dərəcə kövrək olduğunu göstərir. ABŞ Hörmüz boğazındakı insidentdən sonra İranın hərbi obyektlərinə zərbələr endirməyə başladı. İran da öz növbəsində yaxın coğrafiyada yerləşən ABŞ hərbi bazalarına və obyektlərinə qarşılıqlı cavab zərbələri endirdi. Güc tətbiqinə baxmayaraq, hər iki tərəf danışıqlara hazır olduqlarını bəyan etməyə davam edir. Bu da, əvvəllər dediyimiz kimi, tərəflərin ciddi müharibə aparmaq niyyətində olmadıqlarını bir daha sübut edir.
Ehtimal etmək olar ki, bu qarşılıqlı zərbələr NATO Zirvəsi zamanı xüsusi məqsədlərə hesablanaraq həyata keçirildi. Belə ki, bu, ABŞ tərəfindən növbəti güc nümayişi kimi qiymətləndirilə bilər. Eyni zamanda, NATO üzrə müttəfiqlərinə döyüş meydanında tək olduğunu bir daha xatırlatmaq məqsədi daşıya bilər. Bununla bərabər, həm də ehtimal etmək olar ki, ABŞ-la İran arasında Hörmüz boğazı ilə bağlı düyünlü nöqtələr qalmaqdadır və ABŞ bu istiqamətdə öz mövqelərini daha da gücləndirmək niyyətindədir. İran da öz növbəsində heç bir halda zəif görünmək istəmir və mövqelərində israrlı olacağını nümayiş etdirir.
Cavab zərbələri çəkindirmə siyasətinin bir hissəsidir və ABŞ-ın maraqlarına, həmçinin müttəfiqlərinə zərər vermək qabiliyyətinin nümayişidir. İran rəhbərliyi üçün bunun həm də daxili əhəmiyyəti var, çünki milli suverenlik məsələsi ölkənin daxili siyasətində əsas yer tutur.
Bütün hallarda dərin hərbi eskalasiyanın olacağı inandırıcı deyil. Ümumiyyətlə, bu münaqişənin özünəməxsus bir xüsusiyyəti müşahidə olunmaqdadır. Hərbi eskalasiya diplomatik kanalların saxlanılması ilə müşayiət olunur. Zərbə mübadiləsinə baxmayaraq, Fars körfəzi dövlətləri də daxil olmaqla vasitəçilər danışıqlar prosesini qorumaqdadırlar və hər qarşılıqlı zərbədən sonra, sanki heç nə baş verməmiş kimi, prosesi qaldığı yerdən davam etdirirlər. Bütün hallarda Yaxın Şərqin geosiyasi konyukturası əvvəlki kimi olmayacaq. Məhdud eskalasiyalar davam edə bilər. Bu eskalasiyalar davam edəcək danışıqların bir komponenti kimi nəzərdən keçirilə bilər. Yəni tərəflərin qətiyyət göstərmək əlamətidir.
ABŞ daha kəskin hərbi eskalasiyadan çəkinəcək. Çünki müharibəni başlayan tərəf odur və kəskin hərbi qarşıdurma şəraitində region ölkələri ciddi zərər görəcəklər. Həm də bütövlükdə dünya iqtisadiyyatının ağır itkilərə məruz qaldığını da gördük. ABŞ bunun məsuliyyətini üzərinə götürməkdən çəkinəcək. Ələlxüsus da döyüş meydanında tək olduğu bir şəraitdə. Bu baxımdan hesab edirəm ki, növbəti zərbələr mübadiləsindən sonra tərəflər yenidən danışıqlar masasına dönəcəklər. Ümumiyyətlə, ABŞ-İran münasibətlərinin tarixi göstərir ki, hərbi təzyiq dövrləri tez-tez diplomatik təmaslarla müşayiət olunur”.
E. Mirbəşiroğlu hesab edir ki, ABŞ müharibəni başladan tərəf olduğu üçün müharibənin miqyasının genişləndirilməsindən ehtiyat edir:
“Beləliklə, hazırkı mərhələdə ABŞ və İran arasında genişmiqyaslı müharibəyə hazırlıq əlamətləri müşahidə olunmur. Bununla yanaşı, ABŞ-ın yanlış hesablama riski yüksək olaraq qalır. Yəni çox sayda insan itkisinə səbəb olacaq hər hansı bir zərbə və ya vacib infrastruktura hücum daha böyük və qanlı eskalasiyaya səbəb ola bilər ki, bunun nəticələri yalnız Yaxın Şərqdə deyil, qlobal müstəvidə hiss oluna bilər”.
Nurlan Cəfəri













