KMP bununla bağlı qərar qəbul etdi
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclisi Aparatının mülahizəsini, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Ə.Əliyevanın və həmin kafedranın müəllimi S.Hüseynovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və II hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Milli Məclisə təklif edilsin. Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin. Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.