Problem erkən evlilik deyil, gec evlənməkdir: SOSİOLOQDAN HƏYƏCAN TƏBİLİ
“Azərbaycanda əsas problem erkən evlilik deyil, bu nadir halda baş verir. Problem gec evlənməkdir ki, bu milyonlarla olur. Ən dəhşətli problem də budur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda evlənmə yaşı 30-u keçib:
“Bu dünyada ən yüksək rəqəmlərdən biridir. Bu həm də tamamilə qeyri təbii, qeyri bioloji, qeyri sağlam bir məsələdir. Gec evlənmək çox böyük problemlər yaradır. Milli genefondu məhv edir, uşaq doğumunu aşağı salır, uşaqların xəstə doğulmasına səbəb olur. Amma min illərdir böyüklərimiz 15-17 yaşında evlənib, heç bir problem olmayıb, sağlam, düzgün insanlar olub. Gec evlilik isə ailə institutunu dağıdır, əhalinin artımını azaldır, ailə qurulmasını çətinləşdirir”.
Sosioloq vurğulayıb ki, bu da əsasən sosial səbəblərdən ola bilər:
“Yoxsulluq, işsizlik, evsizlik və s. Bununla mübarizə aparsınlar. Azərbaycanın əsas problemlərini kənara qoyub daha da böyük problem yaradacaq məsələləri qabardırlar. Belə məsələlərə ağıllı, məntiqli yanaşmaq lazımdır”.
Sosioloq son illər Azərbaycan cəmiyyətində erkən evliliyə qarşı aparılan mübarizə haqqında öz düşüncələrini bölüşərək onları sərt tənqid edib:
“Bu kimi problemlərə səbəb olan elə qanunun özüdür. Azərbaycan qanunları çox anormal şəkildə formalaşıb. Açıq şəkildə qanun 16 yaşdan etibarən hər bir qıza və oğlana hər cür əxlaqsızlığ etməyə imkan verir. Bundan bir il sonra 17 yaşda qanuni ailə qurub kimləsə cinsi münasibətdə olmağa icazə vermir. Bu paradoksdur, biabırçılıqdır. Bunun nəticəsi də bu kimi hallardır. İlk növbədə insanın yetkinlik yaşına çatması bioloji olaraq ortalama 14-15 yaş götürülür amma daha aşağı yaşlarda da bu təbii olaraq baş verir. Dünyanın əksər ölkələrində də evlənmə yaşı 15-16 yaş qəbul edilib, 14 yaşında evlənməyə icazə verən ölkələr də var. Bu təbii qanunlara uyğundur. Bizdə isə zorakı şəkildə 18 yaşa qaldırılıb, 17 yaşında evlənmək istəyən şəxslərin hüquqları əlindən alınıb ki, bu onun təbii, bioloji haqqıdır. Bunu da onlara Allah verib, orqanizmi də icazə verir ki, 15 yaşdan sonra o ana olmaq hüququna malikdir. Elələri var ki, hərtərəfli buna hazırdır. Adamlar tanıyıram ki, 15 yaşında qızı əjdaha boydadır, pəhləvan kimi fiziki cəhətdən də güclüdür, ağıllıdır, psixologiyası da yerindədir, ailə dəyərlərini də, məsuliyyətini də bilir. Onun hüququnu necə məhdudlaşdırmaq mümkündür, hansı məntiqlə? Bunun da nəticəsində belə hallar baş verir. Yalnız zorakı şəkildə baş verərsə qarışmaq olar. Əgər qız zorla satın alınarsa, kiminləsə zorla evləndirilərsə bu artıq qanun pozuntusudur. Başqa heç bir halda heç kim buna qarışa bilməz”.
Nurlan Cəfəri












