“Məşhurluq azarı”na YOLUXANLAR: Bu, şəxsiyyət pozuntusudur, YOXSA?

media-hightechnic-468x90

“Təki hamı mənə baxsın, məni izləsin, məni bəyənsin. Hamı məndən danışsın” – son vaxtlar istər efirlərdə, istərsə də sosial şəbəkələrdə nə yolla olursa-olsun diqqət çəkmək və məşhur olmaq istəyənlərin sayı getdikcə artmaqdadır.

İstənilən yolla məşhur olmaq və diqqət çəkmək hissi psixoloji xəstəlikdir, yoxsa..? Bunun alt qatında nələr dayanır?

Yenicag.az-a açıqlama verən psixoloq Ülviyyə Murtuzova bunun əsasında müxtəlif səbəblərin dayandığını açıqlayıb:

“Bu, natamamlıq və yetərsizlik kompleksidir. Natamam insanlar nə olursa olsun, özlərində bir boşluq görürlər. Və özlərində nələrisə ortaya qoyaraq onunla önə çıxmaq qabiliyyətinə sahiblənmədikdə, hansısa dırnaqarası fərasəti, istedadı, gözə girmək, diqqət mərkəzində olmağa daha çox önəm verirlər. Digər səbəb diqqət əskikliyi yaşayan insanlarla bağlıdır. Adətən diqqətdən kənar qalan insanlar olur. Hansı ki, zamanında danışdıqca susdurulublar. Ağzını açıb söz demək istəyəndə “sən nə vaxtdan danışmaq gücünə sahiblənmisən”, “sus, sən yalnız dinləyə bilərsən”, “sənin fikrinin onsuz da heç bir əhəmiyyət kəsb etmir”- bu basqını yaşayan adamlar gələcəkdə “fobik”ə çevrilirlər, sosiallaşmaqda problemlə qarşılaşırlar. Nə isə deyəndə utanırlar, qorxurlar ki, onları qınayacaqlar, güləcəklər. Onların bəziləri isə illərlə ürəklərində yığılmış arzu və istəklərini müəyyən bir məqamda partlayışla önə qoymaqda maraqlı olurlar”.

“Burada bir-birinə bənzər həssas məqamlar var” deyən psixoloq digər ən böyük səbəblərdən birinin də şəxsiyyət pozuntusu olan narsissizmlə əlaqələndirib:

“Digər ən böyük bəla şəxsiyyət pozuntusu olan narsis tipli insanlarla bağlıdır. Onlar sadəcə olduqları yerdə hər kəsin diqqətini üzərlərində olmağı istəyirlər. Bəzən məclisə çox gec gələnlər, hədsiz gözəgirən geyinib, diqqəti özlərinə yönəltmək üçün bütün vasitələrdən istifadə edənlər, kiçik səhnələrin göstərilməsində maraqlı olan insanlar var. Elə insanlar var ki, tərif deyildisə, birinci onlara deyilməlidir, məclisdə söz verilirsə, birinci ona verilməlidir, kimsə gözəl libas geyinib ifadəsi birinci ona aid olunmalıdır. Gözəl makiyaj, sac düzümü birinci onda olmalıdır. Bunlar insanlarda artıq narsis tipli şəxsiyyət pozuntusunun göstəriciləridir. Amma daxilən zəngin, zəkası, intellekti, potensialı və özgüvəni olan insanlar heç vaxt heç bir yerdə diqqət mərkəzində olmağa maraqlı olmurlar. Nə qədər ki, onlar diqqət mərkəzində olmağı arzulamırlar, bir o qədər də öndə olurlar. Bu, bir təsir mexanizmidir, təəssüflər olsun ki, çoxumuz bunu anlamırıq. İnsan öz potensialını, zəkasını, intellektini, daxili dünyasını, dünyagörüşünü nə qədər zəngin edərsə, bir o qədər diqqət mərkəzində olacaq. Hətta bunu istəməsə də…”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa