Könül İsmayılova: “Xalqın yanında olmaq üçün qələbə qazanmaq istəyirəm”

Binəqədi 10 saylı dairədən namizədliyini irəli sürmüş Könül İsmayılovanın bu gün 26 yanvar 2020-ci ildə görüşlərini Biləcəri qəsəbəsində ADY Biləcəri stansiyasının iclas zalında davam etdirib.

Yenicag.az xəbər verir ki, seçiciləri ilə səmimi söhbət edən K.İsmayılova seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, millət vəkili olaraq bütün seçiciləri üçün əlçatan olacaq və hər zaman ona göstərilən etimadı doğrultmağa çalışacaq. Paralel olaraq seçicilərlə ünsiyyəti yaxın etmək, onların müraciətlərini qəbul etmək üçün maraqlı təşəbbüslə çıxış edib və onları seçiləcəyi təqdirdə ilk işlərin sırasına aid edəcək.

Seçicilər isə K.İsmayılovanı tanıdıqlarını, gənclərlə iş, idman sahəsində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin görüş iştirakçıları könüllü şəkildə fəal təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını da əlavə ediblər. Öz növbəsində xanım namizəd böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdıraraq bildiklərini diqqətə çatdırıb, eyni zamanda müşahidə edilən problemləri aktiv şəkildə dövlət orqanları qarşısında qaldıracağını və yerli icra hakimiyyəti orqanları ilə onların həlli üçün çalışacaqlarını da xüsusi vurğulayıb.

K.İsmayılova onu da qeyd edib ki, o millət üçün millətin vəkili olmaq istəyir: “Şəxsi mənafeyi üçün millət vəkili olmaq istəmirəm. Siyasi partiya olaraq hər zaman islahatların, yeniliklərin tərəfində olmuşuq və artıq düşünürük ki, bu seçki ilə hər şey dəyişəcək. Bu səbəbdən də millət olaraq seçkidə fəal iştirak etməliyik. Mən hər zaman sadə insanların yanında olmuşam, olacam da. Qeyd etdiyim kimi, kreslo üçün deputat olmaq istəmirəm”

COP29