“Rusiya Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasında əsla maraqlı deyil”.
Bu fikirləri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlama prosesində hər hansı irəliləyiş meyillərinə Rusiyanın sərt təpkilərinin səbəbini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Rusiyanın regionda hərbi mövcudluğu qarşıdurmanın davam etməsindən birbaşa asılıdır:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə parlamentdəki çıxışında Azərbaycanla sülh müqaviləsinin imzalanması və ümumiyyətlə, nizamlama prosesi ilə bağlı fikirləri, Azərbaycanın ərazi bütövlüyünün tanınması haqda dedikləri Rusiyanın ekspert cameəsi, o cümlədən də bəzi rəsmi şəxslərinin sərt reaksiyasına səbəb olub.
Ermənistanın baş nazirinin həmin fikirlərini sərt tənqid edən Rusiya ekspertləri Paşinyanı “Qarabağı təhvil verməkdə” suçlayırlar. Əlbəttə, Paşinyana qarşı bu ittihamın Ermənistanın daxilindən səsləndirilməsini haradasa, başa düşmək olar. Ancaq rusiyalı ekspertlərin bu gedişatdan son dərəcə narahat olmaları və Paşinyanı xəyanətdə suçlamaları ilk baxışda təəccüb doğursa da, onların belə davranmalarının səbəbi aydındır.
Açıq-aşkar görünür ki, Rusiya Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasında əsla maraqlı deyil. Onlar başa düşürlər ki, Rusiyanın Cənubi Qafqazda qalması, burada hərbi mövcudluğunu saxlaması birbaşa gərginliyin davam etməsindən asılıdır. Əks halda, Rusiyanın regiondakı hərbi iştirakına ehtiyac qalmayacaq. Ona görə də rusiyalı ekspertlər və rəsmi şəxslər Azərbaycanla Ermənistan arasında mümkün sülh anlaşmasına bu cür reaksiya verirlər”.
A.Zeynalov
www.yenicag.az