Krım-Tatar Xalq Məclisindən Ukraynaya ÇAĞIRIŞ: “Bizi rəsmi təmsilçi kimi tanıyın”

“Krım tatarları, Ukrayna və dünyanın köklü xalqları üçün tarixi prosedurların icrasına başlanılıb”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna hökumətinin Krım-Tatar Xalq Məclisini Krım tatarlarının qanuni təmsilçisi kimi tanımasının zəruriliyi haqqında danışan Məclisin İdarə Heyətinin sədri İsgəndər Bariyev deyib.

Qeyd olunur ki, Məclisin bu gün keçirilən toplantısında qurumun Krım tatarlarının qanuni təmsilçi orqanı kimi tanınması üçün zəruri sənədlər zərfinin hazırlanaraq təqdim olunacağına dair Ukraynanın Etnosiyasət və vicdan azadlığı üzrə Dövlət Xidmətinə müraciət edilib.

Krım-Tatar Xalq Məclisinin haqqında danışılan müraciətinə cavab vermək və onu təmin etmək səlahiyyəti Ukraynanın Nazirlər Kabinətinə məxsusdur.

Məsələ barəsində fikir bildirən Məclisin İdarə Heyətinin sədri İsgəndər Bariyev vurğulanan müraciəti tarixi addım adlandırıb:

“Bu gün səhər saatlarından etibarən Krım tatarları, Ukrayna və dünyanın köklü xalqları üçün tarixi prosedurların icrasına başlanılıb. Başlanğıc var, ümid edirəm ki, yaxın vaxtlarda nəticə də olacaq və 32 ildir fəaliyyət göstərən Krım-Tatar Xalq Məclisi, nəhayət, Ukraynanın hüquq müstəvisində öz yerini tutacaq”.